Bakı. Trend:
İspaniyaya qeyri-neft məhsulları üzrə ixracın və investisiyaların artırılması əsas hədəflərimizdəndir.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
O, əvvəlcə 2022-ci ildə Azərbaycandan İspaniyaya ixracın 1 milyard ABŞ dollarından çox, ümumi dövriyyənin isə 1,1 milyard dollara bərabər olduğunu, lakin bu rəqəmin getdikcə azaldığını bildirib:
"2023-cü ildə bu rəqəmlər bir az aşağı düşdü və təxminən 899 milyon dollara yaxınlaşdı. 2024-cü ildə enerji sahəsi üzrə ixracımızın aşağı düşməsi səbəbindən dövriyyəmiz təqribən 310 milyon ABŞ dolları olub.
Amma İspaniyanın Azərbaycana ixracına baxsaq, 2022-ci ildə İspaniyadan Azərbaycana ixrac 100 milyon dollara yaxın idisə, 2024-cü ildə artıq təqribən 165 milyon dollara çatıb. İspaniyaya qeyri-neft və qaz məhsulları üzrə ixracın və investisiyaların artırılması əsas hədəflərimizdəndir".
O bildirib ki, İspaniya enerji layihələrimizdə də iştirak edir, amma bizim əsas məqsədimiz qeyri-neft-qaz məhsullarımızın ixracını artırmaq və bu sahəni böyütməkdir.
"İspaniyadan gələn 20-dən çox şirkət enerji, infrastruktur, tikinti, xidmət, konsaltinq sahəsində əməkdaşlıq edirlər. Xüsusən də alternativ enerji, "yaşıl enerji" sahələri üzrə əməkdaşlıq imkanlarımızı dəyərləndiririk. Bu sahələr üzrə İspaniya təcrübəsindən yararlana bilərik. Eyni zamanda İspaniya ilə təhlükəsizlik sahəsində də çox yaxşı əlaqələrimiz var.
Son illərdə Azərbaycandan İspaniyaya alkoqol satışı artır. Eyni zamanda turizm potensialımızın inkişafı haqqında da müzakirələr aparırıq. Birbaşa uçuşların artırılmasını dəyərləndirdik. Bu özü də ölkələrimiz arasında ikitərəfli biznes əlaqələrinin artırılmasında yaxşı bir imkan yarada bilər. Amma dediyim kimi, əsas foksumuz qeyri-neft və qaz sektoru üzrə əməkdaşlıqdır", - deyə Y. Abdullayev qeyd edib.