...

Azərbaycanda kartofun qiymətində dəyişikliklə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Materials 12 Mart 2025 18:38 (UTC +04:00)
Azərbaycanda kartofun qiymətində dəyişikliklə bağlı RƏSMİ AÇIQLAMA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötən aylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsul üzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi və mövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?

Digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur...

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Vurğulanıb ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər".

Mövsümi faktorlar səbəbindən məcmu tələbin və ya təklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir...

Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:

"Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.

Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılması məqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıra ərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası və dəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mütəmadi monitorinq və təhlillər aparılır".

Agentlik qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkən pozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlər görür...

Məlumatda həmçinin vurğulanıb ki, qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər.

"İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər", - deyə dövlət xidmətindən qeyd olunub.

İqtisadçılar isə hesab edirlər ki, kartofun bahalaşmasına hər nə qədər mövsümi faktorlar təsir göstərsə də, həmçinin, yanacaq və idxal xərclərindəki dəyişikliklər də müəyyən mənada təsirsiz ötüşmür.

İqtisadçı Xalid Kərimli Trend-ə açıqlamasında kartofun bahalaşmasına təsir edəcək bir sıra amillərin olduğunu və ötən ilin ikinci yarısından dizel yanacağının və benzinin qiymətinin bahalaşmasının ümumilikdə kənd təsərrüfatı məhsullarında artıma gətirib çıxardığını bildirib:

"Bu ilin yanvar ayından işıq, qaz qiymətlərində dəyişikliklər, eyni zamanda minimal əməkhaqqında artımlar sahibkarların xərclərini daha da artırıb. Çünki indiki dövrdə bazara çıxarılan məhsulların əsas mənbəyi saxlanclar, parniklərdir.

Həm yanacaq xərclərinin artması, eyni zamanda, işıq və qaz qiymətlərində dəyişiklik və minimal əməkhaqlarının artması həm anbarlarda saxlanma qiymətlərinin, həm də daşınma, yükləmə xərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə indiki mərhələdə bazarlara çıxarılan məhsullar, eləcə də kartof daha baha başa gəlir".

"Bununla yanaşı, idxal olunan məhsulların da qiymətində bahalaşma var. Ölkədaxili faktorlarla yanaşı, qonşu dövlətlərdə olan inflyasiyalar, qiymət artımları ölkəyə idxal məhsullarının qiymətinə də təsirsiz ötüşmür.

Bundan başqa, mövsümi faktorlar da qiymətlərə müəyyən dərəcədə təsir edir. Çünki bu dövrlərdə daha çox yığımlardakı məhsullar bazara çıxarılır, ehtiyat tükənir. Amma tədricən havalar isindikcə, yeni məhsullar bazara çıxarıldıqca qiymətlər bir qədər aşağı düşəcək", - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan 113 ton miqdarında, 34 min ABŞ dolları dəyərində kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 172 ton və ya 2,5 dəfə, dəyər ifadəsi ilə 54 min ABŞ dolları, yaxud da 2,6 dəfə azalıb.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan 285 ton miqdarında, 88 min ABŞ dolları dəyərində kartof ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, ötən il Azərbaycana xarici ölkələrdən 42,6 milyon ABŞ dolları dəyərində 149 206 ton kartof idxal edilib. Bu da əvvəlki ilə nisbətən miqdar ifadəsində 13,6%, dəyər ifadəsində isə 13,3% azdır.

Həmçinin 2025-ci ilin yanvar ayı üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 547,8 milyon manat təşkil edib ki, onun da 518,7 milyon manatı heyvandarlıq, 29,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3%, bitkiçilik məhsulları üzrə 20,8% artıb.

Xəbər lenti

Xəbər lenti