...

Azərbaycanda kapital bazarının inkişafına dəstək verməyə hazırıq – AİB

İqtisadiyyat Materials 14 Mart 2025 15:17 (UTC +04:00)
Azərbaycanda kapital bazarının inkişafına dəstək verməyə hazırıq – AİB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazırdır.

Trend “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası”na (AFBİA) istinadən xəbər verir ki, bu sözləri AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal deyib.

Belə ki, AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal və AİB-in araşdırma missiyasının nümayəndəliyinin iştirakı ilə yerli kapital bazarının inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov, həmçinin, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev də iştirak ediblər.

Fərid Axundov son illərdə kapital bazarının inkişafı üçün həyata keçirilən islahatlar, görülmüş işlər və gələcək planlar haqqında, xüsusilə bazar infrastrukturunun modernləşdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və yerli investorların bazara cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Ruslan Xəlilov isə kapital bazarının likvidliyinin artırılması və ticarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları vurğulayıb. O, investisiya cəlbediciliyinin artırılması üçün beynəlxalq təcrübənin tətbiqinin və xarici investorlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Murad Yəhyayev kapital bazarında maliyyə savadlılığının artırılmasının əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə Assosiasiya tərəfindən həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib, beynəlxalq təcrübəyə əsaslanan təlim proqramlarının, investor maarifləndirilməsinin və müxtəlif seminarların təşkilinin bazarın inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Sunniya Durrani-Jamal isə AİB-in Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazır olduqlarını və gələcəkdə yerli bazarın qlobal maliyyə sisteminə inteqrasiyasına töhfə vermək məqsədilə birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti