Bakı. Trend:
Özbəkistanın Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı Orta Dəhliz çərçivəsində böyük əhəmiyyət kəsb edir.
Bunu Trend-ə XII Qlobal Bakı Forumu çərçivəsində Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov müsahibəsində bildirib.
“Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq hər iki ölkənin liderləri arasında yüksək səviyyəli qarşılıqlı etibar və möhkəm dostluğa əsaslanır”, - deyə o bildirib.
Xüsusilə Xankəndidə birgə tekstil layihəsini xatırladan Norov, bu təşəbbüsün uğurlu əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.
Bundan əlavə, o, Qazaxıstan, Türkmənistan və Azərbaycanın infrastrukturun inkişafında, xüsusilə də Aktau (Qazaxıstan), Türkmənbaşı (Türkmənistan), Bakı və Ələt (Azərbaycan) limanlarının gücləndirilməsindəki mühüm rolunu qeyd edib.
"Özbəkistanın Xəzər dənizi ilə birbaşa sərhədi olmasa belə, o da Xəzər dənizində bərələrin tikintisinə fokuslanır. Bu təşəbbüs ölkənin nəqliyyat layihələrində fəal iştirak etmək istəyini əks etdirir,"- deyə o bildirib.
Vladimir Norov əlavə edib ki, Mərkəzi Asiya dənizə çıxışı olmayan ölkələrdən ibarətdir və Özbəkistan regionun mərkəzində yerləşdiyi üçün bu baxımdan ikiqat qapanmış vəziyyətdədir. Buna görə də dünya limanlarına çıxış tapmaq həmişə ölkənin prioriteti olub. Bu kontekstdə Orta Dəhliz, yəni tarixi İpək Yolu, müstəsna əhəmiyyətə malikdir. Əgər bu marşrut aktivləşdirilərsə, onun tarixi iqtisadi çiçəklənməsi yenidən baş tuta bilər
“Özbəkistan prezidenti qonşu ölkələrlə, o cümlədən Qırğızıstanla fəal şəkildə iş aparır və artıq Çin rəhbərliyini Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə razı sala bilib. Sözügedən dəmiryolu məsafəni 900 kilometrə qədər azaldacaq və 5-7 gün ərzində malların Avropaya çatdırılmasına imkan verəcək”, -deyə o bildirib.
Norov vurğulayıb ki, Gürcüstan kimi digər ölkələr də bu layihələrdən faydalana biləcək. Onun sözlərinə əsasən, Orta Dəhliz çərçivəsində bütün layihələri o cümlədən ZƏngəzur dəhlizini gerçəkləşdirmək lazımdır və o regionun bütün ölkələrinin maraqları daxilində tam gücü ilə işləməlidir.
"Region ölkələrinin rifahını artırmaq üçün daha çox yol inşa edilməli və nəqliyyat infrastrukturu inkişaf etdirilməlidir," – deyə Vladimir Norov fikirlərini tamamlayıb.