Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 111 min ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 49,6 milyon ABŞ dolları olub.
Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 51 min ton və ya 84,2%, dəyər ifadəsi ilə 14,1 milyon ABŞ dolları artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 60 min ton miqdarında, 35,5 milyon ABŞ dolları dəyərində neft məhsulları satılıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.