Bakı. Trend:
Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri ilk növbədə şəffaflığın tam təmin olunması, təhlillərin aparılması, büdcə təşkilatları ilə münasibətdə süründürməçiliyə yol verilməməsi, ədalətli yanaşma, operativlik və səmərəliliyin təmin olunmasıdır.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Nazir qarşıdakı dövrdə büdcə proqnozlaşdırılması üzrə
fəaliyyətin daha da təkmilləşdirilməsi, ehtiyatların müəyyən
edilməsi və lüzumsuz xərclərin azaldılması, ölkə üzrə əmək haqqı
xərclərinin avtomatlaşdırılması, saxlanma xərclərinin
standartlaşdırılması, əsaslı vəsait qoyuluşu xərclərində nəticə
əsaslılığının təmin olunması, maliyyə iqtisadi əsaslandırmanın
müvafiq standartının, vahid formasının yaradılması istiqamətində
ardıcıl addımların atılacağını qeyd edib.
S.Babayev yeni yaradılması və ya təkmilləşdirilməsi zəruri olan
elektron sistemlər və ya altsistemlər üzrə Maliyyə Nazirliyinin
rəqəmsal transformasiya strategiyasına uyğun rəqəmsal yol
xəritəsinin hazırlanması, dövlət maliyyə vəsaitlərinin uçotu,
bölgüsü, istifadəsi və hesabatlılığını təmin edən təkmil elektron
məlumat bazasının formalaşdırılması və inteqrasiyası ilə bağlı
tapşırıqlar verib. Eyni zamanda, vahid məlumat bazasının dövlət
maliyyə vəsaitlərinin real vaxt rejimində vəziyyəti, dövriyyəsi və
məqsədyönlü istifadəsi ilə bağlı məlumatların toplanılması və
təhlili üçün imkanların yaradılmasının vacibliyini bildirib.
Kollegiyanın sədri, həmçinin 2026-cı il dövlət və icmal büdcə
layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin
vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq
büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi ilə
bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra
ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı tapşırıqlar
verib.
İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul
edilb.