Bakı. Trend:
Ötən il Gürcüstanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 35,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,3 milyon ABŞ dolları və ya 10,8% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan yatırılan investisiyaların payı 0,5% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 165 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 77,8 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 9,4% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 39,6 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 87,2 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.