Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,6 faiz artaraq 2025-ci il aprelin 1-i vəziyyətinə 216 138 olub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Təhsil”, “Emal sənayesi”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
Hesabat dövründə “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Peşə, elmi və texniki fəaliyyət”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Emal sənayesi” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub.
Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (33,7%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,9%), “Tikinti” (9,0%), “Peşə, elmi və texniki fəaliyyət” (7,6%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Emal sənayesi” (hər birində 6,2%) və “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” (5,8%) sahələrinin payına düşür.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (25,5%), İran (10,4%), Rusiya (8,1%), Böyük Britaniya (3,7%), ABŞ (1,5%) və Almaniya (1,1%) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.
2025-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 34,2 faizi “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, 12,0 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,4 faizi (hər biri üzrə) “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Peşə, elmi və texniki fəaliyyət”, 5,7 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,4 faizi “Təhsil”, 3,8 faizi (hər biri üzrə) “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” və “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 38,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,4 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,5 faizi “Emal sənayesi”, 7,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,6 faizi “Nəqliyyat və anbar təsərrüfatı”, 5,5 faizi “Tikinti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.