Bakı. Trend:
İnvestisiya fondlarına dair qanunvericilik yenidən işlənəcək.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusuna istinadən xəbər verir.
Məlumata görə, kapital bazarlarında atılacaq növbəti addımlar sırasına məlumatların açıqlanması standartlarına yenidən baxılması, şəffaflıq və investorlara bərabər yanaşmanın təşviq edilməsi, bazar iştirakçıları üçün yüksək keyfiyyətli və dolğun məlumatların mövcudluğunun təmin edilməsi, istiqraz və səhm ticarətinin təkrar bazarda təşviq edilməsi daxildir.
Ötən il strategiya üzrə kapital bazarları ilə bağlı işlərin 69,4%-i həyata keçirilib. Dayanıqlı bazar infrastrukturunun formalaşdırılmasının plana uyğun həyata keçirilməsi, fiziki şəxslərin kapital bazarına cəlb edirməsi səviyyəsinin əhəmiyyətli artırılması, kapital bazarında ilk dəfə İKT prosesi uğurla icra edilib.
Kredit reytinqi agentlikləri haqqında qanun layihəsinin hazırlanması, vençur kapital, kraudfandinq platformaları və oxşar vasitələrlə maliyyələşmə imkanlarının təmin edilməsi üçün qanunvericilik çərçivəsinin yaradılması gecikən fəaliyyət istiqamətləridir.
Qeyd edək ki, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dә payının cari 10%-dən 14%-ə çatdırılması, əhalinin kapital bazarlarında investisiyalarının həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur.