Bakı. Trend:
"Scandens Pharmaceutical İndustries LTD” MMC tərəfindən Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində daha bir əczaçılıq zavodu inşa olunub və fəaliyyətə başlaması planlaşdırılır.
Trend xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş İsrailin “BioPharmax” şirkətinin istehsal binalarının tikintisi istiqamətində işlər davam etdirilir:
"Burada 50 adda tibbi məhsul, ilk növbədə insulin istehsalı nəzərdə tutulur. Qeyd edim ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir. Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır".
Elnur Əliyev vurğulayıb ki, artıq uzun müddətdir ki, Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin “Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən ölkəmizdə dərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır.
"Hesab edirik ki, sözügedən şirkətin əczaçılıq sektoruna investisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcəkdir. Görülən işlərin nəticəsində Azərbaycanın əczaçılıq sektorunda son illər irəliləyişlər müşahidə edilməkdədir. Belə ki, 2024-cü ildə 20 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilmiş, əvvəlki ilə nisbətən 81,5% artım qeydə alınmışdır. O cümlədən, 2024-cü ildə 9 milyon manatlıq dərman istehsal edilmiş, əvvəlki ilə nisbətən 4% artım qeydə alınmışdır" - deyə o əlavə edib.