Bakı. Trend:
Hörmüz boğazının uzunmüddətli dövr ərzində bağlanması praktik olaraq mümkün deyil.
Bunu Trend-ə açıqlamasında İran-İsrail münaqişəsinin region iqtisadiyyatına təsiri barədə danışarkən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, o boğazı bağlayan bir ölkə bütün dünyaya qarşı tək durmaq məcburiyyətində qalacaq:
“LNG qaz satışının 20%-i, ümumi neft ticarətinin 18-20%-i bu boğaz vasitəsilə həyata keçirilir. Eyni zamanda digər təchizat zəncirində problem yaşana bilər. Bu boğazın qlobal ticarətdə rolu var. Belə bir vəziyyətdə İran təkcə ABŞ və İsrail deyil digər ölkələrə qarşı da mübarizə aparmalı olacaq. Hörmüz boğazını bağlamaq mümkündür, amma elə saxlamaq mümkün deyil. Buna görə də bunun mənfi təsiri olacağını düşünmürəm. Bu sadəcə İran hökumətinin daxili auditoriya üçün hesabladığı tezislərdir”.
“İranın ABŞ nüvə bazalarını vurmazdan əvvəl əsas resursları uzaqlaşdırmışıq deməsi və Hörmüz boğazının bağlanılması ilə bağlı təhdidləri sadəcə daxili auditoriyaya hesablanmış hesabatlardır. Onlar bu yolla məğlub olmadıqlarını, geri çəkilmədiklərini göstərməyə çalışırlar. Bu sadəcə zəifliyin inkar edilməsi kontekstində olan davranışlardır", - ekspert əlavə edib.
İqtisadi və Sosial Araşdırmalara Yardım İB sədri iqtisadçı Eyyub Kərimli isə Trend-ə deyib ki, Hörmüz boğazının bağlanması regional və qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb ola bilər:
“Bu boğaz enerji tədarükü baxımından strateji əhəmiyyətə malikdir. Əvvəlcə qeyd edim ki, enerji bazarına təsirləri qaçılmaz olacaq. Dünya üzrə ixrac olunan xam neftin 20%-i LNG qazının 25-30%-i boğazdan keçir. Boğazın bağlanması təchizat zəncirinin pozulmasına səbəb olacaq. Digər tərəfdən Səudiyyə Ərəbistanı, Küveyt, Qətər kimi ölkələrin və İraqın ixracı buradan keçdiyi üçün bu həmin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər”.
“Hesab edirəm ki, Hörmüzün bağlanması İranın öz iqtisadiyyatına da təsirsiz ötüşməz. İranın ixracatı və idxalı da əsasən buradan keçir. Həmçinin, nəqliyyat və ticarət yollarının təchizat zəncirlərində gecikmələr baş verə, logistika xərclərinin artmasına səbəb ola bilər.
Ölkəmizə gəldikdə isə, neft və qaz qiymətinin artımı ölkəmizin gəlirlərinin artmasına imkan yaradacaq. Lakin əlbəttə ki, geosiyasi təsirləri də var. Həmçinin, qlobal enerji sabitliyi və logistika xərclərinin artması digər sahələrdə də infilyasiya təzyiqləri yarada bilər. Bu boğazın bağlanması həm körfəz ölkələrinə, həm də enerji idxal edən ölkələrə böyük iqtisadi ziyan vura bilər”- E. Kərimli bildirib.