Bakı. Trend:
Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” keçirilib.
Trend xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə, eləcə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi və "Visa"nın tərəfdaşlığı ilə baş tutub.
“Bankçılıq və Maliyyə Ekosistemində Yeni Trendlər: Rəqəmsal İnteqrasiya, Fintex Tərəfdaşlıqları və Kibertəhlükəsizlik” mövzusuna həsr olunan bu beynəlxalq sammit, regionda rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış edib.
İki gün davam edəcək sammit çərçivəsində 7 tematik panel üzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Əsas diqqət maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modellərinə yönələcək. Eyni zamanda, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da geniş şəkildə müzakirə edilib.
Tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-ə yaxın beynəlxalq və regional təşkilat iştirak edəcək. Ümumilikdə 1500-dən çox nümayəndənin, o cümlədən, dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçilərinin iştirakı gözlənilir. Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşüb.
Sammit çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də Türkdilli Dövlətlərin Kredit Büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma Memorandumları imzalanıb.
Qeyd edək ki, "FİNTEX SAMMİT" Bakıda hər il keçirilən iki əsas beynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isə Beynəlxalq Bankçılıq Forumudur.