Bakı. Trend:
Bu ilin iyun ayında Mingəçevirdə tikintisində Çin şirkətlərinin iştirak etdiyi Azərbaycanın ən iri istilik elektrik stansiyası sayılan “8 Noyabr” istismara verilib.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.
“Elektrik stansiyasının açılışı mərasimində Prezident İlham Əliyev layihənin gerçəkləşdirilməsinə Çin şirkətlərinin verdiyi töhfəni yüksək qiymətləndirərək, onu beynəlxalq əməkdaşlığın yaxşı nümunəsi adlandırıb”, - deyə diplomat qeyd edib.
Səfir əlavə edib ki, hazırda Azərbaycanın ən iri külək energetikası layihəsi olan 240 MVt gücündə Xızı–Abşeron külək elektrik stansiyasının tikintisi uğurla həyata keçirilir və bu layihədə də Çin şirkətləri iştirak edir. Yaxın vaxtlarda isə 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisinə rəsmi start veriləcək. Bu, Çinin investisiyaları ilə, hərrac nəticəsində həyata keçiriləcək Azərbaycanın ilk bərpaolunan enerji layihəsidir.
Lu Meyin sözlərinə görə, birgə səylərin nəticəsi olaraq yaxın gələcəkdə Azərbaycanda elektrobusların istehsalının da əsası qoyulacaq.
Səfir həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çin və Azərbaycanın inkişaf və dirçəliş yolunda tərəfdaşlar olması ilə bağlı dediklərini xatırladıb.
“Çin hər iki ölkənin xalqlarının daha da faydalanması üçün, yeni keyfiyyətli istehsal qüvvələri sahəsində – rəqəmsal iqtisadiyyat, süni intellekt və qabaqcıl emal sənayesi kimi istiqamətlərdə öz üstünlüklərini Azərbaycanla bölüşməyə və müasirləşdirmə yolunda birlikdə irəliləməyə hazırdır”,- Lu Mey qeyd edib.