Bakı. Trend:
Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya dəmiryolu stansiyasından Ermənistana Azərbaycan ərazisindən keçməklə buğda vaqonları göndərilməyə başlanıb.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ilk partiya səkkiz taxıl vaqonundan ibarət olub və son təyinat nöqtəsi İrəvan dəmiryolu stansiyasıdır.
2025-ci ilin sonuna qədər bu marşrut üzrə 2 min tondan çox buğda daşıyan 30 vaqonun göndərilməsi nəzərdə tutulur.
Yeni logistika xidmətinin yaradılması Ermənistan istiqamətində tranzit yüklərin Azərbaycanın vasitəsilə daşınmasının bərpa olunması qərarına əsaslanır.
Bu, 1990-cı illərin əvvəlindən bəri ilk dəfə həyata keçirilən daşımadır.
Xatırladaq ki, bu ilin noyabrın 6-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır. Daha sonra qatar Gürcüstana keçməklə Ermənistanın Dalarik stansiyasına gedib.
Qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.
Qeyd edək ki, dekabrın 18-də isə Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.
“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
