Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit okean regionunda Dayanıqlı Nəqliyyat Təşəbbüslərinin Sürətləndirilməsi (Catalyzing Sustainable Transport Initiatives in Asia and the Pacific) adlı regional təşəbbüsü həyata keçirir. Bu təşəbbüs bankın üzv ölkələrinə dayanıqlı nəqliyyat sistemlərinin formalaşdırılmasında dəstək göstərilməsini nəzərdə tutur.
Trend bu barədə AİB-ə istinadən məlumat verir.
Məlumata görə, layihə Asiya və Sakit okean regionunun geniş bir hissəsini, eləcə də Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Mərkəzi və Cənubi Asiya ölkələrini, Cənub-Şərqi Asiyanı və Sakit okeanın ada dövlətlərini əhatə edir.
Qeyd olunur ki, texniki yardımın ümumi həcmi 500 min ABŞ dolları təşkil edir.
“Müsabiqə çərçivəsində benefisiar ölkələrə dayanıqlı nəqliyyata gələcək investisiyaların sistemli şəkildə planlaşdırılması üçün texniki yardım göstəriləcək. Proqram ilkin mərhələdə diaqnostik qiymətləndirmələrin aparılmasını, infrastruktur layihələrinin idarə edilməsinin gücləndirilməsini, həmçinin qabaqcıl texniki həllərin və maliyyə strategiyalarının, o cümlədən özəl sektorun iştirak imkanlarının öyrənilməsini nəzərdə tutur.
Xüsusi diqqət məqsədli təlim proqramları, o cümlədən “AİB Nəqliyyat Sahəsində Liderliyin Gücləndirilməsi Proqramı” vasitəsilə texniki və institusional potensialın artırılmasına yönəldiləcək. Təşəbbüs eyni zamanda iqlimə dayanıqlı nəqliyyat sistemlərinin inkişafına, rəqəmsal transformasiyaya, aşağı karbonlu və dairəvi həllərin tətbiqinə, yol hərəkəti təhlükəsizliyinin artırılmasına və inklüziv artımın təmin edilməsinə xidmət edir”, – məlumatda bildirilib.
