Bakı. Trend:
2025-ci ildə də sabit və aşağı inflyasiya pul siyasətinin əsas məqsədi olub. Pul siyasəti monetar şərait vasitəsilə təsir göstərməklə inflyasiyanın hədəf daxilində qalmasında mühüm rol oynayıb.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin noyabrında 12 aylıq inflyasiya 5.5% olub. O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik 7.1%-lik inflyasiya qeydə alınmış, qeyri-qida məhsulları 2.5% bahalaşmışdır. Ödənişli xidmətlər üzrə illik qiymət artımı isə bu dövrdə 5.7% təşkil etmişdir. Tənzimlənən qiymətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının mövsümi xarakter daşıyan qiymət dəyişimi nəzərə alınmadan hesablanan illik baza inflyasiya noyabrda 4.8% təşkil etmişdir.
"Cari ildə inflyasiyaya bir sıra təklif və tələb amilləri təsir etmişdir. Xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olmuşdur. Qiymətləndirmələrə görə 2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2.87 faiz bəndi, nominal effektiv məzənnə isə 0.38 faiz bəndi artırıcı təsir etmişdir. Dövr ərzində daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olmuşdur", - məlumatda vurğulanıb.
