Bakı.Trend:
Son on ildə Cənubi Qafqaz ölkələrində Çinin yığılmış birbaşa xarici investisiyalarının həcmi 2,5 dəfə artaraq 280 milyon ABŞ dollarından 690 milyon ABŞ dollarına yüksəlib.
Trend bu barədə Avrasiya İnkişaf Bankına (AAİB) istinadən xəbər verir.
Məlumata görə, investisiya portfeli Azərbaycan və Gürcüstan arasında bölüşdürülüb: təxminən 60 faizi Azərbaycanın, 40 faizi isə Gürcüstanın payına düşür. İnvestisiyalar üçün prioritet sahələr emal sənayesi və energetikadır.
“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində Çinin yığılmış birbaşa investisiyalarının ümumi həcmi 160 layihə çərçivəsində 31,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Son on ildə Aİİ ölkələrində Çin investisiyaları 1,5 dəfə artıb. İnvestisiyaların əsas hissəsi Rusiyanın və Qazaxıstanın payına düşür ki, bu iki ölkə birlikdə ümumi yatırımların 91 faizi düşür”, – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, investisiyalar əsasən hasilat sənayesinə yatırılır. Bu sahəyə 14,7 milyard ABŞ dolları yönəldilib ki, bu da investisiya portfelinin 47 faizinə bərabərdir. Eyni zamanda, 2025-ci ilin ortasına olan vəziyyətə görə, emal sənayesinə yatırımların həcmi 9,8 milyard ABŞ dollarına, yəni portfelin 31 faizinə çatıb.
“Rusiya Çin birbaşa investisiyalarının ən böyük alıcısıdır. 2025-ci ilin birinci yarısına olan vəziyyətə görə, ölkədə Çinin yığılmış investisiyalarının həcmi 17,5 milyard ABŞ dollarına çatıb ki, bu da Aİİ ölkələrindəki ümumi Çin investisiyalarının 55 faizini təşkil edir. Ən iri layihə “Sinopec” şirkətinin Amur qaz-kimya kompleksində 40 faizlik payla iştirakı olub. 2025-ci ilin ortasına qədər bu layihəyə yönəldilən ümumi investisiya həcmi 3,2 milyard ABŞ dollarına çatıb”,- deyə məlumatda qeyd olunur.
