...

Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəldilər

İqtisadiyyat Materials 3 Fevral 2026 11:40 (UTC +04:00)
Türkiyə və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəldilər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev fevralın 2-də Ankarada keçirilən Strateji Planlaşdırma üzrə Birgə Qrupun (JSPG) 8-ci iclasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

Trend bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, görüş zamanı tərəflər ticarət və investisiyalar, mədəniyyət və təhsil, enerji təhlükəsizliyi, regional əlaqələndirmə, səhiyyə, ekologiya, terrorizmə qarşı mübarizə, müdafiə və müdafiə sənayesi daxil olmaqla geniş spektr üzrə Türkiyə-Qazaxıstan münasibətlərinin daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.

“Türkiyə ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünü qeyd edərək və ortaq tarix, dil və mədəniyyəti qardaşlıq əməkdaşlığının əsası kimi vurğulayaraq, xarici işlər nazirləri iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığa uyğun olaraq çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Tərəflər möhkəm ikitərəfli əlaqələri və qarşılıqlı etimadı əks etdirən yüksək səviyyəli səfərlərin intensivliyindən məmnunluqlarını ifadə ediblər. Onlar bu cür təmasların müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verdiyini vurğulayaraq, bu dinamikanın qoruyub saxlamaq niyyətlərini təsdiqləyiblər”, – deyə nazirliyin məlumatında bildiririlir.

Məlumata görə, tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini, o cümlədən ticarət və investisiyaların sadələşdirilməsi və şaxələndirilməsi, texnologiya transferinin təşviqi və kənd təsərrüfatında birgə investisiyalar, ekologiya, səhiyyə, elm və texnologiyalar sahələrində, xüsusilə kibertəhlükəsizlik, süni intellekt, rəqəmsallaşma və kosmos istiqamətlərində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Qeyd olunur ki, energetika sahəsində, enerji resursları ilə ticarət və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın əhəmiyyəti də vurğulanıb. Buraya dəyər zənciri boyunca neft-qaz infrastrukturu, təmiz enerji istehsalı, elektrik enerjisinin ötürülməsi, eləcə də faydalı qazıntıların, xüsusilə zəruri mineralların və nadir torpaq elementlərinin kəşfiyyatı, hasilatı və emalı üzrə birgə təşəbbüslər daxildir.

“Transxəzər Şərq–Qərb Orta Dəhlizinin Mərkəzi Asiya ölkələrini Türkiyə vasitəsilə xarici bazarlarla birləşdirən dayanıqlı və etibarlı nəqliyyat-enerji marşrutu kimi əhəmiyyətini qəbul edərək, nazirlər regional əlaqələndirmənin inkişafı üzrə əməkdaşlığın həm ikitərəfli formatda, həm də Türkiyə, Qazaxıstan və Azərbaycan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmi çərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda, ilk növbədə Türk Dövlətləri Təşkilatında (TDT) dərinləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Qazaxıstanın Türkiyənin Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı olaraq qaldığını vurğulayan nazirlər 25 aprel 2024-cü il tarixində Ankarada keçirilmiş Birgə İqtisadi Komissiyanın 13-cü iclasının Fəaliyyət Planının icrasında əldə olunan irəliləyişi qeyd ediblər.”

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər sülh və təhlükəsizliyə qarşı yeni təhdidlərə, o cümlədən terrorizmin bütün formalarına, transmilli mütəşəkkil cinayətkarlığa və digər çağırışlara qarşı mübarizə məqsədilə əlaqələndirilmiş fəaliyyət barədə razılığa gəliblər.

Qeyd olunur ki, onlar həmçinin müdafiə sahəsində sıx əməkdaşlığa, hərbi-texniki qarşılıqlı fəaliyyətə və müvafiq qurumlar arasında müntəzəm hərbi dialoq görüşlərinə görə məmnunluqlarını ifadə edərək, birgə müəssisələr vasitəsilə Qazaxıstanın müdafiə sənayesinin modernləşdirilməsinin vacibliyini təsdiqləyiblər.

“Xarici işlər nazirləri vurğulayıblar ki, xalqlar arasında təmaslar ikitərəfli münasibətlərin möhkəm əsaslarından biridir. Bu cür qarşılıqlı fəaliyyətə nümunə kimi Türkistan şəhərində yerləşən Əhməd Yasəvi adına Beynəlxalq Qazax–Türk Universiteti, Astanadakı Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzi və qazaxıstanlı tələbələr üçün nəzərdə tutulan “Türkiye Scholarships” təqaüd proqramı göstərilib.

Nazirlər Astanada və Almatıda “Maarif” fondunun məktəblərinin yaradılması istiqamətində əldə olunan irəliləyişi alqışlayaraq, təhsil və mədəniyyət tərəfdaşlıqlarına dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

Tərəflər təhsil və elm sahəsində, xüsusilə ali və orta ixtisas təhsili müəssisələri arasında əməkdaşlığı, o cümlədən tədqiqatçı və mütəxəssislərin mübadiləsini təşviq ediblər.

TİKA və KazAID ilə əməkdaşlıq çərçivəsində tərəflər Mərkəzi Asiyada dayanıqlı inkişafın təşviqini və üçüncü ölkələrə birgə yardım layihələrinin həyata keçirilməsini dəstəklədiklərini bildiriblər”, – deyə məlumatda deyilir.

Vurğulanır ki, Türkiyənin xarici işlər naziri 6 fevral 2023-cü il tarixində baş vermiş dağıdıcı zəlzələlərdən sonra göstərdiyi həmrəyliyə və qardaşlıq dəstəyinin rəmzi olaraq Qaziantepin Nurdağı rayonunda məktəb inşa etdiyinə görə qardaş Qazaxıstana minnətdarlığını ifadə edib.

“Tərəflər səhiyyə sahəsində sıx və konstruktiv əməkdaşlığı alqışlayaraq, institusional qarşılıqlı fəaliyyət, potensialın artırılması və təcrübə mübadiləsi hesabına bu əməkdaşlığın dərinləşdirilməsi niyyətlərini bildiriblər.

Nazirlər qlobal sabitliyin və tolerantlığın möhkəmləndirilməsində Dünya və Ənənəvi Din Liderləri Qurultayının fəaliyyətini yüksək qiymətləndiriblər.

Türk Dövlətləri Təşkilatının təsisçi dövlətləri olan Türkiyə və Qazaxıstan TDT-nin və digər türk strukturlarının gücləndirilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsinə qətiyyətlərini təsdiqləyiblər.

Tərəflər həmçinin “Türk dünyası – 2040 Baxışı”nınn həyata keçirilməsi üzrə birgə səylərin aktivləşdirilməsi niyyətini bir daha bəyan ediblər.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) təsisçi dövlətləri kimi tərəflər CICA-nın Asiya kimliyini qorumaqla tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəklədiklərini bildiriblər”, – deyə nazirlik əlavə edib.

Qeyd olunur ki, tərəflər BMT, ATƏT, İƏT kimi beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, beynəlxalq təşkilatlarda bir-birlərinin namizədliklərini dəstəkləmək barədə razılığa gəliblər.

“Xarici işlər nazirləri Əfqanıstan, Qəzza, Ukrayna və Suriya da daxil olmaqla cari regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Onlar Qəzzada müharibənin dayandırılması üzrə Kompleks Sülh Planının ikinci mərhələsinin başlanmasını alqışlayaraq, BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi ilə təsdiqlənmiş Sülh Şurasının yaradılmasının daimi atəşkəsə nail olunmasına, Qəzzanın bərpasına və iki dövlətli həllin irəlilədilməsinə yeni təkan verdiyini vurğulayıblar.

Nazirlər Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və davamlı şəkildə nizamlanmasının vacibliyini qeyd edərək, türk kiprlilərin türk dünyasının ayrılmaz hissəsi kimi bərabər hüquqlarını reallaşdırmaq istəklərini tanıdıqlarını bildiriblər”, – deyə Türkiyə XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti