Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Azərbaycan ilə Rusiya arasında əmək miqrasiyası sahəsində hökumətlərarası saziş gələn ilin birinci yarısında imzalana bilər. Bu barədə cümə günü Moskvada səfərdə olan Azərbaycan vətəndaşlarının miqrasiyası və leqallaşdırılması məsələlərinin nizama salınması üzrə İşçi qrupa rəhbərlik edən Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. Rusiya tərəfindən İşçi qrupa Rusiya Fedarasiyasının Federal Miqrasiya Xidmətinin (FMX) direktor müavini Vyaçeslav Postavnin rəhbərlik edib.
O, Rusiya FMX-də iki tərəf arasında aparılan danışıqları yüksək qiymətləndirib və səmərəli adlandırıb.
Məmmədov bildirib ki, hökumətlərarası sazişin hazırlanması və razılaşdırılıması müəyyən vaxt aparır. Bundan öncə iki tərəfl arasında konkret operativ tədbirlər planının hazırlanması barədə qərar qəbul olunub. Plan üzrə müqavilə cari ilin fevral ayında Rusiya Federasiyasının (RF) səhiyyə və sosial inkişaf naziri Mixail Zurabovla imzalanıb. O, həmçinin bildirib ki, plan çərçivəsində Azərbaycan-Rusiya ikitərəfli İşçi qrupunun yaradılması barədə qərar qəbul olunub. Sözügedən İşçi qrupun birici görüşü cümə günü Moskvada baş tutub.
Məmmədov bildirib ki, görüş zamanı hazırkı planın maddələrinin reallaşdırılması və Rusiyada Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinin leqallaşdırılmasına yardım məsələləri müzakirə olunub. Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlığın pozitiv dinamikasını xüsusilə qeyd ediblər.
"Məsələn, əgər ötən il Azərbaycandan olan leqal əcnəbi vətəndaşların sayı 17 min nəfər idisə, cari ilin birinci yarısında onların sayı 37537 təşkil edib" - deyə nazir müavini vurğulayıb.
"Bizim aramızda yuxarıda qeyd edilən məsələlər üzrə heç bir ziddiyyət yoxdur. Belə ki, bizim birgə işimizin əsas məqsədi RF ərazisində Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinin leqallaşdırılmaya cəlb edilməsinə yardım göstərməkdir. Rusiya tərəfi burada yaşayan Azərbaycan vətəndaşlarının iş yeri ilə bağlı daha geniş seçim əldə etmələri üçün hətta əmək yarmarkaları - vakansiya yarmarkaları təşkil etməyə hazırdır. Lakin təəssüf ki, hazırda vətəndaşlarımızın kiçik qismi bu kimi yarmarkalarda iştirak edir.
Bununla əlaqədar Rusiyada Azərbaycanlıların Fedral Milli-Mədəni Muxtariyyatı və Ümumrusiya Azərbaycanlıları Konqresi ilə birlikdə sentyabrın19-da keçirilməsi planlaşdırılan vakansiya yarmarkası böyük əhəmiyyətə malikdir" - deyə Məmmədov bildirib.
O bildirib ki, danışıqların nəticəsi üzrə birgə protokol imzalanacaq və hazırda İşçi qrupun ikinci görüşünün 2007-ci il dekabrın birinci ongünlüyündə Bakıda keçirilməsi, həmçinin 2008-ci ilin birinci yarısında birgə operativ tədbirlər planının uzadılması barədə razılıq əldə olunub.
2007-ci ilin əvvəlində hazırlanan əmək miqrasiyası sahəsində Azərbaycan-Rusiya hökumətlərarası sazişi barədə danışan nazir müavini bildirib ki, saziş artıq Azərbaycan tərəfindən Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazrliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılıb.
"Bu gün bizə məlum olub ki, saziş praktiki olaraq Rusiyanın bütün müvafiq nazirlikləri ilə də razılaşdırılıb və hazırda Rusiya Federasiyasının İqtisadi İnkişaf və Ticarət Nazirliyində müzakirədən keçirilir. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyində maliyyə-iqtisadi əsaslandırmayla əlaqədar bir sıra məsələlər, XİN-də isə redaksiya xarakterli fikirlər mövcuddur" - deyə Məmmədov əlavə edib.
O bildirib ki, ilin əvvəlində Azərbaycandan Rusiyaya gedən vətəndaşlar üçün qanunvericilik məsələlərinin daxil olduğu xüsusi yaddaş kitabçası hazırlanıb. Bura hətta Rusiyanın adət və ənənələri də daxil edilib.
Onun sözlərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycanlıları Konqresi tərəfindən Rusiya bölgələrində təşkil olunan operativ məntəqələrin fəal yardımıyla yaddaş kitabçaları Rusiyaya yola düşən və orada yaşayan Azərbaycan vətəndaşları arasında kütləvi tirajla paylanıb.