...

Nazir: "Azərbaycan və Avstriya əməkdaşlığın gələcək istiqamətlərini müəyyən ediblər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2007 14:04 (UTC +04:00)
Nazir: "Azərbaycan və Avstriya əməkdaşlığın gələcək istiqamətlərini müəyyən ediblər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenşteyn arsında Bakıda keçirilən görüşün yekunu olaraq niyyət memorandumu imzalanıb.

"Avstriyanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arsında münasibətlərin gələcək inkişafına təkan verəcək" - deyə Babayev bildirib. Yaxın zamanlarda işlənib hazırlanma prosesi başa çatacaq və Avstriya şirkətlərinin iştirakı ilə bir neçə layihə üzrə müqavilələr imzalanacaq.

"Biz bu məsələlərə uzunmüddətli əməkdaşlıq nöqteyi-nəzərindən yanaşırıq" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi Azərbaycan bazarına daxil olmaq arzusunda olan Avstriya şirkətlərinə hər cür yardım göstərməyə hazırdır. Avstriya ilə qeyri-neft sektorunda birgə layihələrdə iştirak edə biləcək Azərbaycan İnvestisiya Şirkətinin rolu xüsusi olaraq qeyd olunub.

"Avstriya şirkətlərinin Azərbaycan bazarına marağının artmasının səbəbi bu gün Azərbaycanda müşahidə olunan iqtisadi canlanmadır" - deyə Bartenşteyn bildirib və qeyd edib ki, 35% iqtisadi artım neft sektorunun inkişafı sayəsində mümkün olub. Artımın 10%-i isə iqtisadiyyatın digər sahələrinin payına düşür.

Avstriyalı nazir bildirib ki, Azərbaycana səfərdə başlıca məqsədi neft-qaz sektorunda, səhiyyə və bərk tullantıların emalı sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsidir. Memorandumda həmçinin ekoloji texnologiyaların, enerjinin alternativ mənbələrinin tətbiqi imkanları əksini tapıb.

2006-cı ilin yekunlarına əsasən, Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin ümumi həcmi 46 mln. avrodan çox olub(Avstriyanın hesablamalarına görə, energetika sahəsini də nəzərə almaqla 100 mln. avro), Avstriya naziri hesab edir ki, bu hələ başlanğıcdır. İlin birinci yarısında ticarət dövriyyəsi 12 mln. avro təşkil edib.

Xəbər lenti

Xəbər lenti