Azərbaycan, Bakı, 29 mart/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti bir müddət əvvəl Qəbələnin Nic kəndində donuzların Afrika taununa görə tətbiq edilmiş karantini ləğv edib.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti yanvarın 28-də "Afrika taunu"nun aşkara çıxması səbəbindən Nic kəndində karantin elan edib. Bu, Azərbaycan ərazisində "Afrika taunu"nun yaranması haqqında ilk faktdır.
Donuzçuluq təsərrüfatları məhv edilənədək kənddə 4,7 min başdan çox donuz saxlanılırdı. Onların hamısı məhv edilib. Kənd sakinləri donuzçuluq təsərrüfatlarının fəaliyyətini karantin ləğv edildiyi gündən altı ay sonra bərpa edə bilərlər.
Donuzların "Afrika taunu" (Pestis africana suum) - retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları olan heyvanlarla əlaqəsi zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəlik çox sürətlə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.
Ölkədə donuzçuluq təsərrüfatları Qəbələ də daxil olmaqla Zaqatala, Şəki, Balakən, Gəncə və Bakı ətrafında saxlanılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]