...

Yunanıstan Azərbaycan ilə qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir – səfirin müşaviri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / " , müxbir U.İsmayılova/ Yunanıstan hökuməti Azərbaycan ilə qeyri-neft sektorunun inkişafı sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Yunanıstanın Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Olqa Mezerida Bakıda keçirilən Azərbaycan-Yunanıstan biznesmenlərinin işguzar görüşü zamanı bildirib.

"Bu günə qədər Yunanıstan Azərbaycan ilə əsasən neft sektoru üzrə əməkdaşlıq edib və ticarət dövriyyəsini əsasən Azərbaycandan reallaşdırılan neft idxalı təşkil edib",- Mezerida bildirib.

Ötən il Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsi 15,1 mln. dollar təşkil edib. Bu göstəricinin 1,6 mln. dollarını idxal, 13,4 mln. dollarını isə ixrac təşkil edib.

Səfir müşavirinin sözlərinə görə, bu gün keçirilən biznesmenlərinin işguzar görüşü qeyri-neft sektorunda əməkdaşlıq istiqamətində atılan ilk addımdır.

"Bizim məqsədimiz Azərbaycan və Yunanıstan arasında ticari münasibətləri inkişaf etdirməkdir", - Mezerida vurğulayıb.

Azərbaycan və Yunanıstan biznesmenləri birgə fəaliyyətə 2005-ci ildə üç hökumətlərarası müqavilənin imzalanmasından sonra başlayıblar. Bu sənədlər sərmayələrin təşviqi və qarşılıqlı mühafizəsi, beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlıq və gömrük sahələrində tərəflərin qarşılıqlı fəaliyyətini nəzərdə tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti