...

Əcnəbi ekspertlər hesab edirlər ki, neftin qiymətinin düşməsi ərzaq böhranını zəiflədəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2008 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir A.Bədəlova, E.Tarıverdiyeva/ Trend -ın sorğu apardığı ekspertlər hesab edirlər ki, neftin yüksək qiyməti dünya ərzaq böhranının səbəblərindən biridir. Ötən həftə, Dünya Bankının prezidenti Robert Zellik bildirib ki, dünya ərzaq böhranı 2015-ci ilədək davam edəcək. O, bununla əlaqədar, ölkələri əhalinin əsas dənli bitkilərlə təchizatının təmin edilməsi məqsədilə, aqrar sənaye sahəsində siyasəti dəyişməyə çağırıb.

Amerikanın Energy Security Analysis (ESAI) analitik şirkətinin neft bazarı üzrə eksperti Endrü Ridin (Andrew Reed) rəyinə görə, neftin aşağı qiymətləri ərzaq qiymətləri üzərindən gərginliyi bir qədər götürəcək və beləliklə, ərzaq böhranını zəiflədəcək.

"Neftin yüksək qiymətlərinin ərzağa olan yüksək qiymətlərlə bağlılığının iki səbəbi var. Birinci səbəb pul axınlarının etibarlı investisiyalar qismində istehlak predmetlərinə yönəldilməsidir. İkinci səbəb yanacağa olan yüksək qiymətlərin alternativ yanacağı daha cəlbedici etməsidir. Belə ki, bu həm yanacaq istehsalı, həm də qida məhsulu kimi istifadə edilə bilən taxıla tələbatın artması deməkdir", - Rid bildirib.

Amerikanın Hudson institutunun baş elmi əməkdaşlı Rod Hanter (Rod Hunter) də bu mövqedən çıxış edir. Onun rəyinə görə, OPEK ölkələrinin neft hasilatını artırması xammal tələbatının azalmasına gətirəcək, kənd təsərrüfatı mallarına olan təzyiqin azalmasına səbəb olacaq.

"Ərzağın yüksək qiymətlərinin əsas səbəbi dünyada, xüsusilə də inkişafda olan ölkələrdə böyük tələbatdır. Çin, Hindistan və digər ölkələrin iqtisadiyyatının liberallaşdırılmasının nəticəsi ərzağa artan tələbat olub. Öz növbəsində, dünya tələbatı neftə olan tələbatın artmasına səbəb olub", - Hanter bildirib.

Hanterin fikrincə, hazırda neft kifayət qədər olduğu üçün, OPEK-ə üzv ölkələr öz mənbələrini zəif inkişaf etdirir və beləliklə, neftin qiymətlərinin kəskin artmasından fayda əldə edirlər. Hanter neftin yüksək qiymətlərinin kənd təsərrüfatı bazarına təsir etdiyini düşünür.

"Bioyanacağın bəzi növləri qiymətlərinə görə, hətta subsidiyalarsız rəqabətqabiliyyətlidir. Enerji təhlükəsziliyi ilə bağlı narahatlıq ABŞ kimi ölkələri bioyanacaqdan istifadəyə təhrik edir. Beləliklə, neftin yüksək qiymətləri kənd təsərrüfatı məhsullarının bir hissəsini öz ardınca enerji bazarına çəkir", - o bildirib.

Keniyanın IREN (Inter Region Economic Network) elmi mərkəzinin direktoru Ceyms Şikvati (James Shikwati) hesab edir ki, neftin qiymətinin dondurulması ərzaq böhranını dayandıra bilməyəcək.

"Bu böhrana səbəb olan digər faktorlar var. Onlardan biri sənaye baxımından inkişaf etmiş ölkələrdə gülcü nəzarət edilən ərzaq bazarının olmasıdır. Bu, digər bazarların həmin bazarlara çıxışını çətinləşdirir. Xüsusilə də kasıb ölkələrdə, ərzaq böhranının digər səbəbi kənd təsərrüfatı xərclərinə yüksək vergilərin, fermerlərə bazar stimullarına rekasiya göstərməyə mane olan ticarət maneələrinin daxil olduğu zəif siyasətdir", - Şikvati bildirib.

Hudson institutunun dünya ərzaq işləri üzrə mərkəzinin direktoru Denis Averinin (Dennis T.Avery) sözlərinə görə, nəqliyyatda bioyanacaqdan istifadə edildikcə, ərzaq böhranı davam edəcək.

"Biz taxılı, buğdanı və palma yağını yanacaq qismində istifadə etdikcə, aclığa, təbiətin ölməsinə və siyasi dağınıqlığa sərhəd olmayacaq", - Denis hesab edir.

Onun rəyinə görə, benzinin qiyməti azalmazsa, bioyanacaq dünya taxıl istehsalının bütün ehtiyatını uda bilər.

"Biz kömürə qadağa qoyur və yeni neft quyuları qazmaqdan imtina edirik. Biz yeməyə davam etmək istəyiriksə, effektsiz "bioyanacağın təhlükəsizliyi" siyasətindən imtina etməliyik", - Denis bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti