Azərbaycan, Bakı, 14 may / " müxbir İ.Xəlilova/ Azərbaycanın "AG Bank"nın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 19,5 mln. dollar məbləğində kredit xəttinin alınması barədə razılığa gəliblər. Bu barədə çərşənbə günü "AG Bank" PR şöbəsinin rəhbəri Ələkbər Əliyev bildirib.
Kredit sazişinin AYİB rəhbərliyinin mayın 18-də Kiyevdə keçiriləcək illik iclası zamanı imzalanması gözlənilir. Kredit beş hissədən ibarətdir: AYİB kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün iki illik ödəmə müddəti ilə beş il müddətinə 5 mln. dollar, xırda və kiçik biznesə analoji şərtlərlə 3 mln. dollar təqdim edəcək. Digər üç kredit xətti isə ticarətin maliyyələşdirilməsi üçün nəzərdə tutulub: "MCFF" çərçivəsində beş il müddətinə 2 mln. dollar, "MCFF Participation Facility" çərçivəsində beş il müddətinə 5 mln. dollar, "TFP Facility" çərçivəsində isə 18 ay müddətinə 4,5 mln. dollar təqdim edəcək.