Azərbaycan, Bakı, 30 may / Trend , müxbir İ.Xəlilova/ Bakıda cümə günü GUAM ölkələrinin bank assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair saziş imzalanıb. Müqaviləni Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın bank assosiasiyalarının prezidentləri imzalayıblar.
Koordinasiya Şurasının sədri bir il müddətinə Gürcüstanın Bank Assosiasiyasının rəhbəri Zurab Qvasaliya seçilib.
Şuranın yaradılmasında əsas məqsəd ödəmə-hesablama alətləri və valyuta-kredit münasibətlərindən daha səmərəli istifadə yolu ilə GUAM ölkələri təsərrüfat subyektlərinin ticari-iqtisadi, elmi-texniki və investisiya əməkdaşlığının inkişafından ibarətdir.
Təşkilatın iştirakçı dövlətləri arasında ticarət dövriyyəsi 2008-ci ilin sonuna qədər 4 mlrd. dollara çatacaq. Bu göstərici 2007-ci ilin sonlarında 3 mlrd. dollar təşkil etmişdi. Yaxın 2-3 ildə bu həcmin 10 mlrd. dollara çatacağı gözlənlir.
Şuranın fəaliyyəti yüksək keyfiyyətli bank xidmətlərinin genişləndirilməsinə, GUAM iqtisadi məkanında mal, xidmət və kapital hərəkətinin formalaşdırılmasına yönəldiləcək. Müasir İT-texnologiyaları və beynəlxalq standartlar bazasında banklararası münasibətlər və infrastrukturun inkişafı nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]