İsrail, Qüds, 18 sentyabr / Trend , müxbir A.Qut/ İsrail Azərbaycan neftinin Uzaq Şərqə nəqli üçün körpü ola bilər və o, Azərbaycan neftinin Asiya bazarlarına çatdırılması üçün nəqliyyat xidmətlərini təklif etməyə hazırdır, - Türkiyənin Tel-Əvivdəki səfiri Namiq Tan hesab edir.
"Azərbaycan, İsrail və Türkiyə üçtərəfli birgə əməkdaşlığının real və güclü potensialı var", - cümə axşamı Trend -a Tan bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan nefti Ceyhandan İsrailin Aralıq dənizində yerləşən Aşkelon limanına çatdırıla bilər. Oradan nefti mövcud boru kəməri vasitəsilə İsrailin Qırmızı dənizdəki Eylat limanına və daha sonra tankerlərlə Asiya ölkələrinə çatdırmaq nəzərdə tutulur. "Layihənin, Hindistan və Çində neftə tələbatın artması fonunda yaxşı perspektivləri var. Bu, İsrail və Türkiyə arasında həqiqi tərəfdaşlığın möhkəmlənməsinə kömək edəcək Yaxın Şərq regionunun mühüm strateji layihəsidir", - Tan qeyd edib.
Diplomatın fikrincə, bu layihə, perspektivdə neft, qaz, elektrik enerjisi və suyun nəqli üçün təyin olunmuş dörd boru kəmərinin tikintisini nəzərdə tutan çoxnövlü enerji dəhlizinin strategiyasının ayrılmaz hissəsidir.
Səfir davam edərək vurğulayıb ki, bu layihə sayəsində, Türkiyənin Ceyhan limanı boru kəməri vasitəsilə Aşkelon limanı ilə birləşəcək. Türkiyə öz növbəsində, Qara dənizdə Samsun və Ceyhan arasında digər boru kəmərinin çəkilməsində maraqlıdır. Plana əsasən, boru kəməri Ceyhana 50 mln.ton neft nəql etməklə bu layihəni iqtisadi baxımdan daha da cəlbedici edir.
Tanın bildirdiyinə görə, "Türkiyə on illiklərdən bəri İsrailin Yaxın Şərqdəki etibarlı və strateji tərəfdaşıdır". "Regionda Türkiyənin İsrail kimi iqtisadi cəhətdən güclü tərəfdaşı yoxdur. Bizim aramızda mal dövriyyəsi 2,5 milyard təşkil edir. Bu il Türkiyədə 700 min israilli turist dincəlib", - Tan bildirib.
Səfirin sözlərinə görə, digər tərəfdən, Azərbaycan Türkiyənin strateji tərəfdaşıdır və iki ölkənin qlobal layihələrdə birgə iştirakı qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşılığın gələcək inkişafına xidmət edir.
"Türkiyə və Azərbaycanın Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum, Bakı - Tbilisi - Qars kimi iştirak etdiyi bütün layihələr uğurla həyata keçirilib. Beləliklə, region ölkələri üçün gözəl imkanlar yaranıb. Bizim təşəbbüslər regional və qitə miqyasında iriformatlı əməkdaşlığın möhkəmlənməsinə yönəlib", - Tan qeyd edib.