Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir A.Bədəlova/ "Rusiya dünya maliyyə böhranının təsirini öz üzərində xeyli dərəcədə hiss edib", - RF Baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin çərşənbə günü bildirib. Onun Dövlət Dumasındakı çıxışı "Vesti" telekanalının birbaşa efirində yayımlanıb.
"Gələn il dünya iqtisadiyyatı üzrə artım son 20 il ərzində ən aşağı səviyyədə olacaq", - Kudrin bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) 2009-cu ildə dünya iqtisadiyyatı üzrə artım proqnozunu 2,2 faizədək azaltması buna dəlalət edir. 2008-ci ildə dünya iqtisadiyyatı üzrə artımın 3,7 faiz olacağı gözlənilir. BVF-in hesablamalarına görə, inkişaf etmiş ölkələrdə ÜDM-in artımı 0,25 faiz azalacaq. Fond 2009-cu ildə ABŞ-da ÜDM-in 0,7 faiz, Avrozona ölkələri iqtisadiyyatlarının 0,5 faiz azalacağını proqnozlaşdırır. İnkişafda olan ölkələrdə və o cümlədən Rusiyada da artım azaldılıb.
Kudrinin sözlərinə görə, bu, Rusiyanın ixrac mallarına tələbatın xeyli artacağı deməkdir və gələn il də belə tendensiya davam edəcək.
"Büdcə Məcəlləsinə düzəlişlərdə gələn il neft-qaz və digər gəlirlər planlaşdırıldığından az olarsa, Ehtiyat Fondundan istifadə etmək imkanını təsdiqləməyi təklif etmişik", - Kudrin bildirib.
Nazrin sözlərinə görə, böhran vaxtı ehtiyat fondu kifayət qədər sığortadır. "Belə düzəliş qəbul edilərsə, gəlir və xərclər üzrə büdcə haqqında qəbul edilmiş qanun gələn il tam icra ediləcək", - Kudrin bildirib.
Kudrin neftin qiymətinə öz proqnozlarını açıqlayıb - 2009-cu ildə bir barelə görə 50 dollar, 2010-da - 55 dollar və 2011-də - bir barelə görə 60 dollar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]