Azərbaycan, Bakı, 12 noyabr / Trend / "Azərbaycanın dövlət sərhədinin yoxlama - buraxılış məntəqələrində nəqliyyat vasitələrinin və malların yoxlanmasında 2009 - cu il yanvarın 1-dən "vahid pəncərə" sisteminin tətbiq edilməsi respublikanın ərazisindən yük nəqli marşrutunun əhəmiyyətini artıracaq". Azərbaycan TRACECA nəqliyyat dəhlizinin milli katibi Akif Mustafayev çərşənbə günü bildirib.
Hazırda hər gün Azərbaycan ərazisindən beynəlxalq yükdaşımalarında iştirak edən təxminən 20 - 30 avtomobil (Carnet-TIR kitabçalarından istifadə etməklə) keçir. Sərhəddən keçid prosedurunun sadələşməsindən sonra avtomobillərin sayı xeyli arta bilər. Beş yüz üç kilometr uzunluğu olan Şərq -Qərb magistralının qalan sahələrində bərpa və tikinti işlərinin tam yekunlaşması bu prosesin tərkib hissəsi olmalıdır.
Azərbaycan Dövlət Dəmiryolu İdarəsindən bildiriblər ki, "vahid pəncərə" sisteminin tətbiqi dəmiryolu ilə yük və sərnişin daşınmasının səmərəliliyini artıracaq. Bu prosesin gerçəkləşdirilməsi sərhəddə yük və sərnişin dayanmasını xeyli azaldacaq. Hazırda hər gün beynəlxalq marşrutlarla 35 -dək qatar yola düşür - Dəmiryol İdarəsindən belə deyiblər.
Noyabrın 11 - də prezident İlham Əliyev Azərbaycanın dövlət sərhədinin yoxlama - buraxılış məntəqələrində nəqliyyat vasitələrinin və malların yoxlanmasında "vahid pəncərə" sisteminin tətbiqilə bağlı fərman imzalayıb. Fərmanın verilməsində məqsəd ölkənin dövlət sərhədlərinin buraxılış məntəqələrində buraxılış qabiliyyətinin artırılması, yüklərin və nəqliyyat vasitələrinin yoxlanmasında süni maneələrin aradan qaldırılması, ixrac-idxal əməliyyatlarının ortaq tələblərlə keçirilməsidir.
Dövlət sərhədinin yoxlama - buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin və malların "vahid pəncərə" prinsipi üzrə yoxlanması səlahiyyəti Azərbaycan Dövlət Gömrük Komitəsinə tapşırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]