...

Azərbaycanın AccessBank-ı "Korporativ-Sosial Öhdəliklər" layihəsinin realizəsini sürətləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend /AccessBank "Korporativ-Sosial Öhdəliklər" Proqramı çərçivəsində növbəti layihəni həyata keçirərək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün donor qismində qanvemə aksiyası təşkil edib, - bankın çərşənbə axşamı yayılan məlumatında deyilir. 

Bu aksiyada həm AccessBank əməkdaşları, həm də bankın müştəriləri iştirak edib. Aksiya Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən 4 filialda təşkil olunub.       

"Talassemiya xəstəliyindən əziyyət çəkən təxminən 500 uşağın donor qanına daima ehtiyacı var", - Beynəlxalq Talassemiya Federasiyası (TIF) İdarə Heyətinin üzvü, "Savab Dünyası" Azərbaycan Talassemiya Assosiasiyasının prezidenti Nailə Quliyeva bildirib. - Bundan əlavə, qan təkcə talassemiyalı xəstələrə deyil, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara, eləcə də cərrahi əməliyyatlar, avtomobil qəzaları və bir çox digər hallarda lazımdır. Buna görə də biz hamımız - Azərbaycan vətəndaşları donor qanı ehtiyatlarını zənginləşdirməyə çalışmalıyıq".

Bankın Baş meneceri Endryü Pospilovskinin sözlərinə görə, AccessBank təkcə Azərbaycan iqtisadiyyatının yox, insan amilinin inkişafında aparıcı rol oynamağa səy göstərir.

"Biz artıq "Korporativ-Sosial Öhdəliklər" Proqramı çərçivəsində bir neçə layihə həyata keçirmişik və bu işi daha fəal şəkildə davam etdirməyi planlaşdırırıq", - Pospilovski deyib.

"Korporativ-Sosial Öhdəliklər" Proqramı cari ilin avqust ayında yaradılıb və Proqram çərçivəsində AccessBank artıq bir neçə layihə həyata keçirib. Bu layihələrdən ən önəmlisi fiziki imkanları məhdud olan gənclər üçün bank işi üzrə treninqlərin təşkil olunmasıdır. Treninqlər başa çatdıqdan sonra, həmin şəxslərdən bəziləri AccessBank-a işə qəbul olunacaqlar.

Beynəlxalq reytinq agentliyi  Fitch bu il AccessBank-a "BB+" reytinqini verib. Bu ,ölkə üçün yüksək reytinqdir və AccessBank bütün Azərbaycan üzrə belə reytinq alan ilk özəl bankdır. AccessBank-ın səhmdarları 6 beynəlxalq maliyyə institutudur:Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya Hökuməti nəzdində Alman İnkişaf Bankı KfW, mikromaliyyələşdirmə sahəsində strateji sərmayədar qismində fəaliyyət göstərən Access Microfinance Holdinqi və LFS Financial Systems GmbH alman Konsaltinq Şirkətidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti