Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir Ü.İsmayılova / Azərbaycanda dünya maliyyə böhranının kənd təsərrüfatı sahəsinə təsiri müşahidə olunmur. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
"Bu, ölkənin düzgün aqrar və iqtisadi siyasəti sayəsində mümkün olub, hazirda böhranın təsirindən yayınmaq üçün lazımi tədbirlər həyata keçirilir", - deyə Abbasov bildirib.
Nazir tədbirlər arasında yerli istehsal olan kənd təsərrüfatı mallarının artırılması, yeni istehsal imkanları, topdansatış bazaların yaradılması tədbirlərini qeyd edib.
Onun sözlərinə görə, 2008-ci ilin yekunu üzrə ölkənin kənd təsərrüfatı sahəsində artım 6,1 faiz, istehsal sahəsində isə ilk dəfə olaraq altı faiz təşkil edib.
"Düşünürəm ki, kənd təsərrüfatının bu cür inkişaf tendensiyası 2009-cu ildə də davam edəcək və hətta artım daha çox olacaq", - deyə nazir bildirib.
Onun sözlərinə görə, maliyyə böhranı fermerlər üçün kredit və subsidiyaların ayrılmasına da təsir göstərməyib. 2009-cu ildə fermerlərə maliyyə dəstəyi qismində əvvəlki illərə nisbətdə əhəmiyyətli dərəcədə çox vəsait ayrılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]