...

Azərbaycan-Küveyt investisiya şirkəti yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir Ü.İsmayılova / 

İki il ərzində Azərbaycan-Küveyt investisiya şirkəti (KAIC) QSC-nin nizamnamə kapitalı hazırkı 500 min manatdan 20 mln.dollara çatdırılacaq. Bu barədə bazar ertəsi birgə investisiya şirkətinin təsis edilməsi barədə sazişin imzalanma mərasimində Azərbaycan İnvestisiya Şirkətinin (AİK) icraçı direktoru Əfqan İsayev bildirib.

İmzalanma mərasimi zamanı Küveyt Maliyyə Evinin (Kuwait Finance House) törəmə şirkəti "Turkapital"ın idarə heyətinin sədri Fəvvaz əl-İssanın bildirdiyinə görə, şirkətin nizamnamə kapitalı həm Azərbaycan və Küveyt səhmdarları, həm də cəlbedilən xarici sərmayədarlar hesabına artırılacaq.

KAIC-nin qeydiyyatı aprelin sonunadək başa çatdırılacaq. 

Əl-İssa bildirib ki, sazişin imzalanmasınadək Küveyt tərəfi Azərbaycan bazarı üzrə təhlil aparıb və şirkət ölkə iqtisadiyyatının ən uğurlu sahələrində layihələr reallaşdırmaq və maliyyələşdirmək niyyətindədir.

Onun sözlərinə görə, səhmdarların bu gün keçirilən ilk iclası zamanı şirkətin Azərbaycanda həyata keçirmək niyyətində olduğu layihələr müzakirə olunacaq. Şirkətin əsas fəaliyyət sahələri daşınmaz əmlak, infrastruktur, törəmə şirkətlərin yaradılması və sənaye sahələri olacaq.

AİŞ-in birgə şirkətdə iştirak payı 25 faiz təşkil edir. Şirkət səhmlərinin 75 faizi "Turkapital"a məxsus olacaq.

AİŞ və KFH arasında birgə şirkətin yaradılması 2007-ci ilin mayında imzalanan niyyət memorandumu əsasında həyata keçirilir. Onun vasitəsilə Azərbaycanda birgə investisiya layihələri həyata keçiriləcək.

İslam strukturları kənd təsərrüfatı, infranstruktur, məntiq, nəqliyyat kimi sahələrdə layihələrin həyata keçirilməsində həmişə maraqlı olublar. Buna görə Küveyt Maliyyə Evi ilə daha çox bu istiqamətlərdə iş aparılması planlaşdırılır. Artıq kommersiya tipli daşınmaz əmlak, dondurucu anbarların yaradılması sahələrində layihələr nəzərdən keçirilməsi üçün Küveyt Evinə təqdim olunub.

AİŞ layihələrdə minoritar səhmdar kimi çıxış etmək niyyətindədir, Azərbaycana əsas kapital isə xarici səhmdardan gələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti