...

Azərbaycan: yalnız öz gücü hesabına liderlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 16:53 (UTC +04:00)
Azərbaycan: yalnız öz gücü hesabına liderlik

Bakı, Azərbaycan, 02 aprel / Trend /

Ellada Xankişiyeva, Trend -ın analitik mərkəzinin direktoru

Azərbaycan dünya maliyyə böhranı şəraitində öz sabitliyini nəinki itirməyən, üstəlik inkişaf da nümayiş etdirən bir ölkə kimi bu gün hamının diqqət mərkəzindədirr. Rusiya KİV-i RF maliyyə naziri Aleksey Kudrinin Moskvada, MDB ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının iclasında dediyi sözləri təkrarlamaqdan bezmir. Nazir Azərbaycanın Birlik ölkələri arasında böhrandan ən az əziyyət çəkən ölkə olduğunu bildirmişdi. Onun sözlərinə görə, Azərbaycanda sərmayələrin və iqtisadiyyatın yüksək inkişaf tempi saxlanılır.

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan iqtisadiyyatı 2008-ci ildə Birlik ölkələri arasında ən yüksək inkişaf tempinə - 10,8 faiz - malik olub. Sərmayələrin əsas kapitalda inkişaf tempi 34,7 faiz təşkil edib.

Üstəlik, Azərbaycan MDB-də böhran şəraitində Rusiyadan maliyyə yardımı və dəstək istəməyən yeganə ölkədir və öz müstəqil iqtisadi siyasətini davam etdirir. Böyük həcmdə kredit alınması məqsədilə Moskvaya Belarus, Ermənistan, Qırğızıstan müraciət edib. Yaxın günlərdə Ukrayna da RF-dən borc pul götürmək istəyini bildirib.

Ötən ilin sonunda Rusiya Belarusa onun maliyyə sisteminin sabitləşdirilməsi məqsədilə 2 milyard dollar həcmində kredit ayırıb. Üstəlik rəsmi Minsk hazırda Moskvadan daha bir - 3 milyard dollar həcmində kredit almaq niyyətindədir. Ermənistana Rusiya 500 milyon dollar sabitləşdirmə krediti ayırıb. Qırğızıstan üçün bu rəqəm iki milyard dollar təşkil edib.

Rusiyalı politoloqlar gizlətmir ki, bu, regiondakı öz mövqeyini möhkəmlətmək və postsovet ölkələrini maliyyə öhdəlikləri ilə özünə bağlamaq üçün əla şansdır. Xüsusilə, Ermənistana maliyyə vəsaitlərinin ayrılması Rusiyanın respublikaya siyasi təsirinin artmasına yardım edəcək.

Azərbaycan isə MDB ölkələrinin bir çoxundan fərqli olaraq maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna (BVF) da müraciət etmək fikrində deyil. Azərbaycan maliyyə naziri Samir Şərifovun sözlərinə görə, hazırda Azərbaycanın BVF ilə heç bir proqramı və böhrandan zərər çəkmiş başqa dövlətlər kimi fonda müraciət etmək yoxdur.

Məlumdur ki, BVF verdiyi kreditlərin əvəzində bu dövlətlərin iqtisadi siyasəti üzərində nəzarət tələb edir. Məsələn, martda fond Ermənistana 540 milyon dollar həcmində 28 aylıq sabitləşmə krediti ayırmaq haqda qərar qəbul edib. Bunun əvəzində tələb olunan şeylər isə valyuta mübadiləsinin çevik rejiminə qayıdış, ölkənin maliyyə sektorunun gücləndirilməsi və fiskal prioritetlərinə makroiqtisadi sabitlik və sosial öhdəliklərin yerinə yetirilməsi istiqamətində yenidən baxılmasıdır. Belarusa BVF yanvarda 2,46 milyard dollar ayıraraq əhaliyə dövlət dotasiyasını dayandırmağı tələb edib. Qırğızıstana fond 25 milyon dollarlıq krediti dövlət xərclərinin azaldılması şərti ilə verməyi söz verib.

Göründüyü kimi, Azərbaycan dünya maliyyə böhranına rəğmən yalnız öz gücünə arxalanır. Azərbaycan hökuməti anti-böhran proqramı üzərində işi davam etdirir, ötən ildən hökumət tərəfindən həyata keçirilən xəbərdarlıqedici anti-böhran tədbirləri isə ölkəyə sabitlik nümayiş etdirmək imkanı verib.

Xəbər lenti

Xəbər lenti