...

Azərdəmiryolbank mebel istehsalçısı ilə birlikdə yeni kredit kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

"Azərdəmiryolbank" ASC ölkənin ən iri məişət və ofis mebeli istehsalçısı "Embawood" şirkəti ilə əməşdaşlığını inkişaf etdirərək yeni kampaniyaya start verib. Bu barədə bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov məlumat verib. Bakı və regionlarda yerləşən filialları vasitəsilə bank bu gün ən sərfəli şərtlərlə Embawood mebellərinin kreditləşməsini təklif edir.

Embawood şirkəti ilə imzalanmış müqaviləyə əsasən, hər bir vətəndaş mebelin alınması üçün minimum 300, maksimum 3000 manat dəyərində 18 ayadək illik 25% hesablanmaqla kredit ala bilər. İlk olaraq layihəyə Bakı filialları (Biləcəri, Nərimanov, Nizami, Xətai) qoşulub. Növbəti mərhələdə bankın regionlarda yerləşən filialları da (Masallı, Bərdə,Qazax, Şəki, Ağdaş və Gəncə) bu layihəyə qoşulublar.

Əhaliyə göstərilən xidmətin keyfiyyətini və operativliyi təmin etmək məqsədi ilə kreditin verilməsi prosedurları sadələşdirilib. Kreditin alınması üçün yalnız iş yerindən arayış təqdim etmək kifayətdir.

Sədr müavini həmçinin bildirib ki, yaxın vaxtlarda bankın Korporativ Müştərilərlə İş Departamenti korporativ müştərilər üçün yeni məhsul və xidmətlər hazırlayaraq bazara təqdim etməyi planlaşdırır. Bu gün bank bu və ya digər layihələrin reallaşması istiqamətində ölkənin aparıcı şirkətləri ilə əməkdaşlığa böyük önəm verir.

Cari ilin aprelin 1-nə Azərdəmiryolbank-ın ümumi kredit portfeli 158,6 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 55,7  mln. manat olub.

Azərbaycanın ilk kommersiya bankı olan "Azərdəmiryolbank" ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Niderland İnkişaf Bankı (FMO) vardır. Bakı və regionlarda bankın 32 filial və şöbəsi fəaliyyət göstərir.

Mayın 19-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti