Azərbaycan, Bakı, 23 may / Trend /
"Azərbaycanın maliyyə naziri Samir Şərifov iyunun 14-də Salonikidə (Yunanıstan) Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) tərəfindən təşkil olunacaq, Qara dənizin cari iqtisadi durumu və orta yaxın perspektivlərinə həsr olunmuş regional iqtisadi forumda çıxış edəcək", - bankın məlumatında deyilir.
"Şərifov forumun ilk "Böhrandan sonra perspektivlər" panelində spiker olacaq", - məlumatda bildirilir.
Forum Bankın Qara dəniz regionundakı fəaliyyətinin 10 illik yubileyinə həsr ediləcək.
Foruma məruzəçilər qismində QDTİB üzv ölkələrinin mərkəzi banklarının idarəçiləri və iqtisadiyyat və maliyyə nazirləri, həmçinin regionda fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarının yüksək vəzifəli şəxsləri, beynəlxalq bankların nümayəndələri və Qara dəniz regionunda maraqlı olan biznes-liderlər çıxış edəcək.
Forum Macedonia Palace mehmanxanasında keçiriləcək.
Bankın səhmdarları aşağıdakılardır: Yunanıstan, Rusiya və Türkiyə - hərəsi 16,5 faiz, Rumıniya - 14 faiz, Bolqarıstan və Ukrayna hərəsi - 13,5 faiz, Azərbaycan - 5 faiz, Albaniya - 2 faiz, Ermənistan və Moldova hərəyə - bir faiz, Gürcüstan - 0,5 faiz.
Qara Dəniz Bankının Azərbaycandakı idarəçisi iqtisadi inkişaf naziri Şahin Mustafayev, onun müavini isə maliyyə naziri Samir Şərifovdur.
QDTİB 1999-cu il iyunun 1-dən fəaliyyətə başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]