Azərbaycan, Bakı, 24 avqust / Trend /
2009-cu ilin birinci yarısını yaxşı nəticələrlə başa vuran "Qarant Sığorta" şirkəti uğurlu fəaliyyətinin nəticəsi olaraq "Qızıl Buta" mükafatına layiq görülüb.
"Dünya Azərbaycanlıları" İctimai Mərkəzinin (DAİM ) 2009-cu ilin birinci yarısının yekunlarına dair respondentlər arasında keçirdiyi sorğuya əsasən sığorta şirkətləri içərisində Azərbaycanda sığorta bazarının inkişafında ən çox xidməti olan "Qarant Sığorta" şirkətidir. Bu ilin birinci yarısında "Qarant Sığorta" bazara üç tamamilə yeni məhsul təqdim edib.
Mükafatın təqdimetmə mərasimində DAİM-in sədri Zaur Mirzəyev bildirib ki, "Qızıl Buta" Azərbaycanın iqtisadi və mədəni həyatında böyük rol oynamış təşkilat rəhbərlərinə təqdim olunur.
Sorğunun nəticələrinə görə, respublikada müasir tipli təhsil ocaqlarının yaradılmasında xidmətlərinə görə "Qızıl Buta" mükafatına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva layiq görülüb. Bundan başqa, Aydın Əliyev respublikada gömrük sisteminin təkmilləşdirilməsində və dünya standartlarına uyğunlaşdırma istiqamətindəki xidmətlərinə görə, Cahangir Əsgərov Azərbaycanın beynəlxalq əlaqələrinin yaradılmasında müstəsna xidmətlərinə görə, Rüfət Aslanlı Azərbaycanda iqtisadi islahatların aparılmasında xidmətlərinə görə, Əhməd Vəliyev Azərbaycan elminin təbliğində və inkişafında göstərdiyi xidmətlərinə görə bu mükafata layiq görülüblər.
Sorğuda iştirak edən 6700 respondent Azərbaycanda sığorta sisteminin təkmilləşdirilməsində xidmətlərinə görə "Qarant Sığorta" şirkətini bu mükafata layiq bilib.
Xatırladaq ki, "Qarant Sığorta" şirkəti 2007-ci ilin noyabr ayında qeydiyyatdan keçib və 2008-ci ilin əvvəlindən faktiki fəaliyyətə başlayıb. Nizamnamə kapitalı 4 milyon manat olan "Qarant Sığorta" Azərbaycanda maliyyə sektorunda korporativ sosial məsuliyyət mədəniyyətini tətbiq edən ilk şirkətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]