Azərbaycan, Bakı, 8 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Cümə axşamı Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Koreyanın Ərzaq, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi qarşılıqlı anlaşmaya dair memarandum imzalayıblar.
Memarandumu Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abbasov, Koreya tərəfindən isə nazirliyin Beynəlxalq Əlaqələr Departamentinin baş direktoru Kim Jonq Jin imzalayıb.
Memaranduma müvafiq olaraq, tərəflər kənd icmalarının inkişafı, kənd təsərrüfatının beynəlxalq və daxili siyasəti barədə informasiya mübadiləsinin aparılması, kənd təsərrüfatı məhsullarının emal edilməsi, yayılması və marketinqi, kənd təssərrüfatında investisiya sahəsində və ticarətdə dəstək məqsədilə iki ölkənin özəl sektorları arasında mübadilənin və əməkdaşlığın asanlaşdırılması, qarşılıqlı maraqları təmsil edən sahələrdə ekspert mübadiləsinin aparılması və kənd təsərrüfatı və ərzaq texnologiyaları sahəsində məlumatların bölüşdürülməsi üçün gələcəkdə təcrübə mübadiləsinin aparılmasına dair razılaşıblar.
İkitərəfli əməkdaşlığın koordinasiyası və inkişafı məqsədilə Azərbaycan-Koreya komitəsinin yaradılması barədə qərar qəbul edilib. Komitənin iclası iki ildən bir növbə ilə Azərbaycanda və Koreyada keçiriləcək. Əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə komitə çərçivəsində işçi qruplar yaradıla bilər.
Memarandum 5 il müddətinə hesablanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]