Azərbaycan, Bakı, 02 mart / Trend /
Fevral ayında Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Azərbaycan vətəndaşlarına altı milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə AİF-in məlumatında deyilir. Yanvarda 4,2 milyon manat kredit verilib.
AİF standartları üzrə ipoteka kreditləşməsinin ümumi həcmi (2006-cı ilin martından başlayaraq) 162 milyon manatı ötüb ki, bu da dörd mindən artıq ailənin ipoteka kreditləri hesabına öz mənzil-yaşayış şəraitini yaxşılaşdırmasına və sosial ehtiyaclarını ödəməsinə şərait yaradıb. 2006-cı ildən bəri fond tərəfindən cəmi 152 milyon manat kredit verilib ki, bu da 3800 ipoteka kreditini maliyyələşdirməyə imkan verib.
2010-cu il dövlət büdcəsində ipoteka kreditləşdirilməsinə 14 milyon manat ayırmaq planlaşdırılıb. Bununla yanaşı, İpoteka Fondu 75 milyon manat həcmində istiqrazların yerləşdirilməsinə başlayıb və bu həcmin doqquz milyonu artıq yerləşdirilib.
AİF-in məlumatına əsasən, Azərbaycanda əhalinin adambaşına düşən ipoteka krediti 17,4 manat təşkil edir, 2009-cu ildə bu göstərici 17,05 manat, 2008-ci ildə 7,34 manat, 2007-ci ildə 5,28 manat, 2006-cı ildə isə 0,2 manat təşkil edib.
AİF-in şərtlərinə əsasən, Azərbaycanda adi ipoteka krediti verilişinin maksimum məbləği səkkiz faiz dərəcəsi ilə və 25 il müddətinə 50 min manat təşkil edir. Sosial ipoteka isə illik dörd faiz dərəcəsi ilə və 30 il müddətinə 35 min manat təşkil edir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz təşkil edir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb. 2006-cı ilin mart ayından etibarən isə ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyun ayında fond maliyyə çatışmazlığı ilə əlaqədar olaraq kreditin verilməsini dayandırıb. 2009-cu il iyunun 1-dən etibarən kredit verilişi bərpa edilib.
Martın 02-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.