Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir T.Konyayeva/
Koreyanın torpaq, nəqliyyat və dəniz işləri naziri Çun Conq Kvan martın 10-12-də Bakıda səfərdə olacaq. Bu barədə Koreyanın Azərbaycandakı səfiri Li Ci-Ha cümə axşamı jurnalistlərə deyib.
"Səfər zamanı Koreya şirkətlərinin Quba-Şamaxı avtomobil yolunun tikintisində, Bakı buxtasında körpünün tikintisində və digər layihələrdə iştirakı məsələsinin müzakirə olunması nəzərdə tutulur", - Li Ci-Ha deyib.
Hazırda Azərbaycan nəqliyyat sektorunda Koreya şirkətləri ilə sıx əlaqə saxlayır. Xüsusilə də Azərbaycan mütəmadi olaraq Koreyanın Daewoo şirkətinin istehsalı olan sərnişin avtomobillərini alır.
Koreya şirkətləri həmçinin Bakı buxtası üzərindən keçəcək körpünün tikintisində, Bakı şəhərində nəqliyyatın idarə edilməsinin intellektual sisteminin yaradılması layihəsinin hazırlanması prosesində iştirak edib.
Koreya tərəfi Bakı-Gürcüstan sərhədi dəmiryol qatarlarının hərəkət sürətinin yüksəldilməsi üzrə öz təklifini verib.