Azərbaycan, Bakı, 5 mart/ Trend müxbir E.İsmayılov/
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) 2009-cu ildəki 13,2 milyon tona nisbətdə bu il 13,5 milyon ton yük daşımağı planlaşdırır. Bu barədə Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən mətbuat konfransında ADXDG rəhbəri Aydın Bəşirov bildirib.
"Bu il proqnozlara uyğun olaraq 13,5 miyon ton yük daşımağı planlaşdırırıq, lakin bu göstərici daha çox ola bilər", - Bəşirov deyib.
Onun sözlərinə görə, ADXDG vasitəsilə nəql edilən yüklərin təxminən 70-75 faizi neft və neft məhsullarının payına düşür.
Həmçinin, quru yüklərin, xüsusilə də sement klinkerləri və metal konstruksiyalarının nəqli artırılacaq.
Hazırda ADXDG gəmilərinin ümumi dedveyti 520,7 min ton təşkil edir. Donanmanın tərkibində 80 quru yük gəmisi və tanker (43 tanker, 28 quru yük gəmisi və 9 bərə) mövcuddur. Həmçinin onun balansında 37 köməkçi gəmi var.