...

Bakı Metropoliteni vaqon istehsalçısını dəyişmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2010 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni xaricdən yeni metro vaqonlarının alınmasında yeni topdansatış sisteminə keçməyi planlaşdırır, - cümə günü Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

"Vaqonların alınması üçün vəsait artıq ayrılıb, lakin biz alternativ variant axtarırıq. Hazırda digər vaqon istehsalçıları, xüsusilə də, "Siemens", "Bombardier", həmçinin, Koreya şirkətləri ilə danışıqlar aparılır. Bu danışıqların nəticəsində vaqonlar alınacaq",- Əhmədov bildirib. Bakı Metropoliteni əvvəl yalnız Mıtişinsk zavodunun vaqonlarını əldə edirdi.

Əhmədovun sözlərinə əsasən, metropoliten üçün vaqonlar gələcəkdə beş-on ədədlik partiyalarla yox, 50-60 ədədlik partiyalarla alınacaq. "Biz uzunmüddətli müqavilənin imzalanmasından sonra bu varianta keçmək istəyirik".

Ötən il Bakı Metropoliteni "Metrovaqonmaş" ASC istehsalı olan 15 vaqon alıb.

2008-ci ildə isə Bakı Metropoliteni 35 vaqon alıb. 2007-ci ildə Bakı Metropoliteni 25 vaqon gətirib.

"Metrovaqonmaş" zavodu artıq 30 ildən çoxdur, Bakı Metropolitenini hər növ dəmiryol nəqliyyatı vasitələri ilə təchiz edir. Moskvaətrafı müəssisələrdə istehsal olunan vaqonlar onun parkının, təxminən, 80 faizini təşkil edir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti