Azərbaycan, Bakı, 19 aprel /Trend/
Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin olunmamış istiqrazlarının beş milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda bildirilir.
Sifarişlər 5 investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 5 662 000 (faktiki 5 701 356.57) manat təşkil edib.
Sifarişlər 100.6951 faiz qiymətdə təqdim edilib. Hərraca təqdim olunan istiqrazların hamısı yerləşdirilib.
AİF-in 75 milyon məbləğində təmin olunmamış istiqrazının emissiyası 2009-cu il dekabrın 30-da qeydə alınıb. İpoteka Fondunun min manat nominalında 75 min faizli adlı sənədsiz təmin olunmamış istiqrazı qeydə alınıb. İstiqrazların gəlirliliyi illik 3,25 faiz təşkil edir. İstiqrazların son ödəmə tarixi 11 dekabr 2019-cu ildir.
Emissiyanın yerləşdirilməsinə 2010-cu il fevralın 1-dən başlanılıb və hazırda 20 milyon manatlıq istiqraz yerləşdirilib.