...

Azərbaycan və Çin texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 19:41 (UTC +04:00)
Çin Xalq Respublikası Kommunist Partiyası MK-nın Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, KP Mərkəzi Komissiyasının intizam yoxlaması üzrə katibi Xı Qotsyanla Azərbaycanın Baş naziri Artur Rasizadənin görüşü çərçivəsində texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və Çin texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bakıda səfərdə olan Çin Xalq Respublikası Kommunist Partiyası MK-nın Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, KP Mərkəzi Komissiyasının intizam yoxlaması üzrə katibi Xı Qotsyanla Azərbaycanın Baş naziri Artur Rasizadənin görüşü çərçivəsində texniki-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Sazişə əsasən, ÇXR Azərbaycan Respublikasına 20 milyon yuan məbləğində əvəzsiz yardım ayıracaq.

Azərbaycan tərəfdən razılaşmanı iqtisadi inkişaf naziri Şahin Mustafayev, Çin tərəfindən isə kommersiya nazirinin müavini Qao Xiçen imzalayıblar. İmzalanma mərasimində Xı Qotsyan və Baş nazirin müavini Abid Şərifov iştirak ediblər.

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, birinci rübdə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 136,3 milyon dollar təşkil edib.

"Bu səfər ölkələrimizin bütün sahələrdə qarşılıqlı faydalı münasibətlərinin inkişafında yeni mərhələ olacaq. Fikrimcə, bu gün Çinin və Çin dilinin öyrənilməsi işi gücləndirilməlidir. Bizdə bu sahədə artıq ilk addımlar atılıb. Bəzi ali məktəblərimizdə Çin dilinin öyrənildiyi qruplar var", - Baş nazir qeyd edib.

Rasizadə ÇXR rəhbərliyinə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsində dəyişməz mövqeyinə görə minnətdarlığını bildirib və ölkəmizin iqtisadiyyatının vəziyyəti haqqında qonaqlara məlumat verib. Görüşdə xüsusilə qeyd edilib ki, ötən il dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatında 9,3 faiz artım əldə edilib. İnfrastrukturun inkişafı üçün çox böyük, beynəlxalq səviyyəli investisiya proqramları icra olunub və hazırda bu iş davam etdirilir.

"Neft-qaz sənayesində, enerji ehtiyatlarının dünya bazarına çıxarılması sahəsində daha çox uğur qazanılıb. Lakin digər ölkələr kimi, Azərbaycanın da çətinlikləri var. Ən böyük problemimiz isə 20 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasıdır", - Rasizadə bildirib.

Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, onun doğurduğu fəsadlar, problemin nizamlanmasında Azərbaycan rəhbərliyinin mövqeyi, Ermənistan tərəfinin qeyri-konstruktivliyi haqqında qonaqlara məlumat verib.

"Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını, xalqın rifahının yaxşılaşdırılması üçün görülən işləri, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini yüksək qiymətləndiririk. Çin ilə Azərbaycanı ənənəvi tarixi dostluq birləşdirir. Hələ iki min il bundan əvvəl "Böyük İpək yolu" qədim Çin ilə Azərbaycanı əlaqələndirib. Ölkələrimiz arasında diplomatik əlaqələr qurulduqdan sonra bu münasibətlər daha da inkişaf edir. Ali rəhbərlik səviyyəsində sıx əlaqələr mövcuddur, siyasi münasibətlərdə qarşılıqlı etimad hökm sürür", - Xı Qotsyan səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür etdikdən sonra ölkəsinin hökumət başçısının salamlarını Baş nazirə çatdıraraq deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyi ilə razılaşan qonaq vurğulayıb ki, Çin Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həll etmək istəyini dəstəkləyir, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verir.

Xəbər lenti

Xəbər lenti