Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.Xəlilova/
Dünya iqtisadi böhranı yeni maliyyə sistemlərinə bir daha nəzər salmağa vadar etdi və bu mənada islam maliyyə alətlərinin harmonizasiyası maliyyə bazarlarında möhtəkirliyə əngəl ola bilər. Bu barədə bazar ertəsi Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov Bakıda İslam İnkişaf Bankının islam maliyyələşdirilməsi üzrə V "Qlobal sabitlik və inteqrasiya yollarında" qlobal forumunda bildirib.
"Biz məhz islam bank mexanizmlərindən çıxış edərək, ölkənin bank sektorunda sabitlik qurmalıyıq", - Rüstəmov deyib.
Onun sözlərinə görə, bu gün islam bankinqi artıq ön plana çıxıb və dünyanın bir çox ölkələrində həyata keçirilir. Böhran şəraitində islam banklarının aktivləri ötən il ərzində 30 faiz çoxalıb və 2010-cu ilin sonlarınadək bir trilyona çatacağı gözlənilir ki, bu da dünyadakı bütün kapitalın 1 faizini təşkil edir. Böhran dövründə islam maliyyələşdirmə prinsiplərinə diqqət daha da artıb.
"Bank sektorunda islam metodologiyasından istifadə etməklə, biz Azərbaycanda iqtisadi inkişafın daha böyük uğurlarına nail ola bilərik, - Rüstəmov bildirib. - Heç şübhəsiz, bu metodologiya islam bank işinin ağıllı prinsipləri əsasında işlənib hazırlanmalı və Azərbaycan bu prosesləri çox diqqətlə izləyəcək. Bu planda qlobal kontekstə nail olunduqda biz də ölkəmizdə bank işinin qeyri-ənənəvi mexanizmlərindən istifadə edəcəyik".
Tədbir banka üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirlərinin iştirakı ilə iyunun 23-24-də keçiriləcək İİB İcraedici Direktorlar Şurasının 35-ci illik iclası çərçivəsində keçirilir.