Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Murad İM" MMC-də ərzaq mallarının qablaşdırılmasının və satışının qanunauyğunluğu yoxlanılıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Yoxlama zamanı Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisə tərəfindən "Sevimli dad" və "Sevimli" adları ilə qablaşdırılaraq satışa çıxarılan noxud və noxud ləpəsi, un, mərci və düyünün üzərində istehsalçısı, tərkibi, saxlanma şəraiti, istehsal tarixi barədə məlumatların göstərilmədiyi, qablaşdırılan məhsulların üzərində "Murad İM" MMC-nin istehsalçı kimi göstərildiyi, məhsulların qablaşdırılmasında istifadə olunan kağız bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatlarının olmadığı müəyyən edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar məhsulların qablaşdırılması və satışının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Murad İM" MMC-yə icrası məcburi göstəriş verilib.