...

Azərbaycan və BƏƏ Biznes Şurasının yaradılmasını planlaşdırırlar – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2010 15:45 (UTC +04:00)
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hər iki ölkənin biznes dairələri arasında sıx əlaqələrin təşkil edilməsi məqsədilə Biznes Şurasının yaradılmasını planlaşdırırlar.
Azərbaycan və BƏƏ Biznes Şurasının yaradılmasını planlaşdırırlar – səfir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hər iki ölkənin biznes dairələri arasında sıx əlaqələrin təşkil edilməsi məqsədilə Biznes Şurasının yaradılmasını planlaşdırırlar. Bu barədə Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov bildirib.

Səfirin sözlərinə görə, hazırkı mərhələdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra məsələlər ön plana çəkilib.

"Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində də əlaqələrimizin inkişaf etdirilməsi potensialı mövcuddur. Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dövlət tərəfindən dəstək və bu sahənin inkişafına müvafiq subsidiyalar ayrılır. Hazırda Azərbaycan öz daxili bazarını ödəməklə yanaşı, qonşu dövlətlərə də kənd təsərrüfatı məhsullarını ixrac edir. Hesab edirəm ki, ölkəmizin aqrosənaye məhsullarının ixracı baxımından BƏƏ bazarı da əlverişli ola bilər. Bu baxımdan da hazırda BƏƏ-də Azərbaycan kənd təsərrüfatı məhsullarının sərgisini təşkil etmək niyyətindəyik və bu istiqamətdə müvafiq işlər aparırıq", - diplomat deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında qarşılıqlı sərmayələrin yatırılması, birgə müəssisələrin qurulması istiqamətində hazırda münbit əlverişli şərait yaradılıb.

"Qarşı tərəflə keçirdiyimiz görüşlərdə BƏƏ tərəfi ölkəmizə sərmayələrin yatırılmasında maraqlı olduqlarını bildirib və bu istiqamətdə Azərbaycan tərəfini əməkdaşlığa dəvət ediblər. Bununla əlaqədar olaraq, BƏƏ sərmayələrinin ölkəmizə cəlb edilməsi məqsədilə hazırda Əbu Dabidə "Azərbaycan İnvestisiya Forumu"nun təşkil edilməsi istiqamətində müvafiq işlər aparılır", - Qəhrəmanov deyib.

Bununla yanaşı, onun sözlərinə görə, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsinə böyük ehtiyac duyulur və hazırda iqtisadi sahədə bir sıra layihələrin imzalanması istiqamətində müvafiq işlər aparılır.

Xəbər lenti

Xəbər lenti