...

Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 337 min manat məbləğində kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 18:54 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu cümə günü sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədiləQax rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 337 min manat məbləğində kredit verilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu cümə günü sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə Qax rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Qax rayonunda mineral sular istehsalı ilə məşğul olan "Kapital-N" firmasının fəaliyyətinə və Şəkidə sahibkar Rafiq Rəhimovun inşa etdirdiyi mehmanxana kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu yeni yanaşma prinsiplərini davam etdirərək bu yaxınlarda intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan edib. Sahibkarlıq subyektlərindən müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu oktyabrın 21-də başa çatacaq. Qax rayonunda fəaliyyət göstərən sahibkarlara investisiya təkliflərinin verilməsi prosesində aktiv iştirak etmələri tövsiyə olunub.

Tədbir çərçivəsində həmçinin, sahibkarlar üçün treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 337 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Oktyabrın 1-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti