...

2011-ci ilde Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmaları 10 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 11:14 (UTC +04:00)
Vergilər Nazirliyi mövcud vergi potensialının müəyyən olunması və vergi daxilolmalarının artırılmasının təmin edilməsi üçün mütəmadi, zəruri tədbirlər həyata keçirir.
2011-ci ilde Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmaları 10 faiz artacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Vergilər Nazirliyi mövcud vergi potensialının müəyyən olunması və vergi daxilolmalarının artırılmasının təmin edilməsi üçün mütəmadi, zəruri tədbirlər həyata keçirir. 

"Dünyanın bir çox ölkələrində hələ də davam edən maliyyə böhranı şəraitində dövlət rəhbərliyi tərəfindən böyük uzaqgörənliklə həyata keçirilən neft-qaz strategiyası və qeyri-neft sektorunun inkişafını təmin edən iqtisadi siyasət ölkəmizdə iqtisadiyyatın diversifikasiyasına və liberallaşdırılmasına imkan vermişdir", - Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş İdarəsinin rəis əvəzi Rauf Namazov bildirir.

Azərbaycanda regionların hərtərəfli inkişafı, sahibkarlığa geniş dövlət qayğısının göstərilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması iqtisadi cəhətdən dayanıqlı milli iqtisadiyyatın formalaşmasına gətirmişdir ki, bu da ölkə iqtisadiyyatında artım tendensiyasının təmin edilməsinə əlverişli şərait yaratmışdır.

Onun sözlərinə görə, 2011-ci ilin büdcə layihəsində ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının azalması nəzərə alınıb.

"2011-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmalarında 2010-cu ilin proqnoz göstəricilərinə nisbətən 240 mln manat və ya 9,6 % artım nəzərdə tutulmuşdur", - o bildirmişdir.

Eyni zamanda, qeyri-neft sektoru üzrə 2011-ci ildə proqnozlaşdırılan vergi daxilolmaları 2009-cu ilin faktiki daxilolmalarından 559,4 mln manat və ya 25,7 % çoxdur. Xüsusi olaraq vurğulanmalıdır ki, bu sektor üzrə daxilolmalarda 9,6 faizlik artım Ümumi Daxili Məhsulda 7,2 faizlik artım fonunda proqnozlaşdırılır.

Eyni zamanda, vurğulanmalıdır ki, müzakirə mərhələsində olan büdcə layihəsində 2011-ci ildə bir sıra vergi növləri üzrə daxilolmaların, xüsusilə mənfəət vergisinin azalması proqnozlaşdırılmışdır ki, bu da işgüzar fəallığın və sahibkarlıq fəaliyyətinin aşağı düşməsi ilə deyil, hökumətin bəzi kommunal borclarının silinməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərlə bağlıdır.  

"Bir daha bildirirəm ki, gələn ilin büdcə layihəsində qeyri-neft sektorunda vergi ödəmələrinin artımı proqnozlaşdırılmışdır və bu, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldığının, ölkədə özəl sektorun, xüsusilə də qeyri-neft sektorunun dinamik inkişafının göstəricisi kimi qəbul edilməlidir", - Namazov deyib.

Xəbər lenti

Xəbər lenti