...

Türkmənistan maliyyə hesabatlarının beynəlxalq standartlarına keçid sahəsində Azərbaycanın təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2010 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir N.İsmayılova/

Türkmənistan Maliyyə Nazirliyinin idarə rəisi Babacan Çarıyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-27-də Azərbaycan Maliyyə Nazirliyi ilə maliyyə hesabatlarının beynəlxalq standartlarına, habelə milli mühasibat uçotu standartlarına keçidlə bağlı təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanda səfərdə olub. Bu barədə çərşənbə axşamı nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Türkmənistan Maliyyə Nazirliyinin əməkdaşları bildiriblər ki, MDB ölkələri arasında mühasibat uçotu sahəsində maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlər daha uğurlu hesab olunduğundan təcrübə mübadiləsi məqsədilə məhz Azərbaycan seçilib.

Qeyd edildiyi kimi, Azərbaycanın "Mühasibat uçotu haqqında" qanunu əsasında Türkmənistanın "Mühasibat uçotu haqqında" qanun layihəsi hazırlanıb və təsdiq olunması üçün ölkə parlamentinə təqdim edilib.

Azərbaycan Maliyyə Nazirliyinin əməkdaşları milli mühasibat uçotu standartlarına keçidlə bağlı qəbul edilən qanunvericilik aktları ilə Türkmənistan nümayəndə heyətini tanış edib və Türmənistanda mühasibat uçotu sahəsində qanunvericilik bazasının yaradılması üçün müvafiq materiallarla təmin edib.

Maliyyə hesabatlarının beynəlxalq standartlarına keçid uzunmüddətli və mərhələli olduğundan, Azərbaycan Maliyyə Nazirliyi tərəfindən gələcəkdə bu sahədə Türkmənistan Maliyyə Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsi və onlara bu sahədə bütün lazımi köməklik göstəriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti