Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kürdəmir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
2010-cu il noyabrın 26-da Kürdəmir rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- intensiv heyvandarlığın, ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, üzüm və s.) inkişafı;
- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması.
Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon: (012) 432-39-69. Faks: (012) 434-74-29. e-mail: [email protected].