...

Azərbaycanda sahibkarlıq subyektlərinin onlayn qeydiyyatı sistemi yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2010 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) sahibkarlıq fəaliyyəti subyektlərinin elektron qeydiyyatı prinsipinin tətbiqini tövsiyə edir. Bu barədə cümə günü Bakıda "Doing Business" hesabatının hazırlanması metodologiyasının təlimində onun müəlliflərindən biri olan Svetlana Baqaudinova bildirib.

"Ölkənin Vergilər Nazirliyi artıq fiziki şəxslərin onlayn qeydiyyatının tətbiqi üzrə işlər görür və bu proses başa çatmaq üzrədir", - Baqaudinova deyib.

Onun sözlərinə görə, hüquqi şəxslərə münasibətdə bu prosesin təşkili bir o qədər də asan deyil. Çünki ölkədə elektron imzaları sertifikatlaşdıran orqan yoxdur. Buna baxmayaraq, bu istiqamətdə qanunverici baza artıq qüvvəyə minib.

"Fiziki şəxslərin elektron imzalardan istifadə etmələrinə ehtiyac yoxdur. Gürcüstanın təcrübəsinə görə, elektron imzalardan istifadədən qaçmaq üçün imkan var. Bu zaman sahibkarlar xüsusi ştrix-şifrə və vahid nömrənin göstərilməsi vasitəsilə qeydiyyatdan keçirlər. Vergilər Nazirliyi Gürcüstanın təcrübəsi ilə maraqlanıb və onun Azərbaycan reallıqlarına uyğunluğunun təhlilini aparır", - Baqaudinova bildirib.

Bununla yanaşı, BMK Azərbaycana "səssiz razılıq" prinsipinin tətbiqini tövsiyə edir ki, bu prinsip cavab olmadığı halda, təqdim olunan sənədə təsdiqləyici reaksiyanı nəzərdə tutur. "Bu prinsipin tətbiqi ərizələrin baxılmasında yubanmalardan qaçmağa imkan verir", - Baqaudinova qeyd edib.

Eləcə də BMK hüquqi ünvanın və təsdiqləyənin imzasının təqdim olunması zəruriliyini aradan qaldırmağı da tövsiyə edir.

Noyabrda dərc olunan "Doing Business 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində Azərbaycan 54-cü yeri tutub. Araşdırmaya 183 ölkə cəlb olunub.

"Doing Business"in hesabatları 2004-cü ildən dərc edilərək hər il kriteriyalar siyahısını artırır. Onların əsasında ölkənin reytinqi tərtib edilir. 2004-cü ildə onlar cəmi beş olduğu halda, son hesabatda araşdırmalar doqquz istiqamət üzrə aparılıb: biznesin başlanğıcı, tikintiyə icazə, əmlakın qeydiyyatı, kreditlərin alınması, investorun maraqlarının qorunması, vergilərin ödənilməsi, ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsi, müqavilələrin yerinə yetirilməsinin təmini, biznesin bağlanması.

"Doing Business 2009" hesabatında Azərbaycan iqtisadiyyatda islahatlar sahəsində lider kimi tanınıb. Bununla da, Azərbaycan təkcə iqtisadi inkişaf templəri üzrə deyil, eləcə də işgüzar mühitin yaxşılaşdırılmasına yönələn iqtisadiyyatda islahatlar sahəsində lider olub.

Xəbər lenti

Xəbər lenti